Oktyabrın 16-da Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış mərasimi keçirilib.

 

Tədbirin əsas məqsədi müvafiq dövlət qurumlarından və beynəlxalq təşkilatlardan olan təcrübəli mütəxəssisləri və digər maraqlı tərəfləri bir araya gətirmək, onları layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır.

 

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, bir sıra təhsil müəssisələrinin rəhbərləri, eləcə də layihənin konsorsiumunun nümayəndələri, cəlb olunmuş ekspertlər iştirak edib.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilə xüsusi önəm verdiyini vurğulayıb. Nazir müavini qeyd edib ki,  Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır.Təhsilin bütün səviyyələrini əhatə edən islahatların kökündə Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək məqsədi dayanır.

 

Nazir müavini bildirib ki, 2018-ci ilin iyul ayında Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi müəyyən edilib. Bu istiqamətdə müəyyənləşdirilmiş hədəflərə nail olunması üçün təhsil, nümunəvi kurikulumların, qiymətləndirmə və akkreditasiya standartlarının, milli kvalifikasiyalar reyestrinin hazırlanması, kvalifikasiyaların keyfiyyətinin təmin olunması Təhsil Nazirliyinin qarşısında dayanan mühüm vəzifələrdəndir. Çıxışının sonunda nazir müavini “Milli Kvalifikasiya Çərçivəsinə dəstək” layihəsi üzrə icraçı heyətə, eləcə də digər tərəfdaşlara uğurlar arzu edib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli isə qeyd edib ki, son 15 ildə Azərbaycanda dayanıqlı və sabit əmək bazarı yaranıb. Yaxın aylarda ölkə əhalisinin sayının 10 milyon nəfəri keçəcəyini deyən nazir müavini deyib ki, hazırda əsas məqsəd işçi qüvvəsinin keyfiyyətinin artırılmasıdır. Bunun üçün isə kadr hazırlığının və peşə təhsilinin inkişafı diqqət mərkəzində olmalıdır.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə layihə çərçivəsində görülən işlərdən, gələcəkdə qarşıya qoyulan məqsədlərdən danışıb.

 

Sonra layihənin Azərbaycan üzrə koordinatoru, Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev layihənin icrasına cari ilin fevral ayından başlanıldığı və bu müddət ərzində bir sıra görüşlərin təşkili, eləcə də kvalifikasiyalar və dövlət təhsil standartlarının işçi qruplarının keçirdiyi müzakirələr barədə məlumat verib. Şöbə müdiri Milli Kvalifikasiya Çərçivəsinin Avropa təhsil məkanına inteqrasiyanı təmin edən əsas sənədlərdən biri olduğunu deyib. 

 

Konfransda layihənin ekspertləri standartların, kurikulum və tədris materiallarının hazırlanması üzrə Milli Kvalifikasiya Çərçivəsinin tələbləri, onun faydaları haqqında maraqlı tərəflərin məlumatlandırılması və keyfiyyət təminatına dair təqdimatlar edib, həyata keçiriləcək növbəti tədbirlərdən danışıblar.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinə dair sənəd Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilib. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsi bu ilin fevral ayından etibarən həyata keçirilməyə başlayıb.