Layihə çərçivəsində 26 rayon uşaq kitabxanasına 23 minə yaxın kitab hədiyyə olunub


“Uşaq kitab karvanı” layihəsi çərçivəsində növbəti tədbir İsmayıllı rayonunda keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə uşaq yazıçılarından Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı və Solmaz Amanova iştirak ediblər. Kitabxananın  direktoru Şəhla Qəmbərova bildirib ki,  məqsəd səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir.

   

Tədbirdə uşaqlar arasında müxtəlif viktorinalar keçirilib, qaliblər kitab və jurnallarla mükafatlandırılıb.

   

Qeyd edək ki, İsmayıllı Uşaq Kitabxanasına kitab karvanı ilə gətirilən nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq ədəbiyyatı, 14 adda metodik vəsait, “Göy Qurşağı” və “Qaranquş” uşaq jurnalları,  26 rayon uşaq kitabxanasına  isə 23 minə yaxın kitab hədiyyə olunub.

 

Sifai SƏFƏROVA