Azərbaycanlı alimlərin dörd elmi məruzəsi dinlənilib


Seminarın keçirilməsində məqsəd seysmologiya və geodinamika sahəsində hər iki ölkədə aparılan prioritet tədqiqatlarla tanış olmaq, birgə araşdırma perspektivlərini müəyyənləşdirmək və elmi əlaqələri inkişaf etdirmək olub.

            

İsrail universitetlərindən və geoloji xidmətindən alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə ölkəmizi AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin QədirovRespublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban YetirmişliGeologiya və Geofizika İnstitutunun şöbə müdiri, yer elmləri üzrə elmlər doktorQulam Babayev və həmin müəssisənin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov təmsil ediblər.

            

Seminarın açılış mərasimində İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının prezidenti, professor Nili Cohen və akademik Fəxrəddin Qədirov çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib, iclasın seysmoloji və geodinamik təhlükəli problemlərin öyrənilməsi istiqamətində mütəxəssislər üçün mühüm platforma olduğunu söyləyiblər.

            

Daha sonra seminar öz işini İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının Yer elmləri üzrə vitse-prezidenti, professor Zvi Ben-Avrahamın və akademik F.Qədirovun sədrliyi ilə dörd seksiyada davam etdirib. Azərbaycanlı alimlər dörd elmi məruzə ilə çıxış ediblər. AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Azərbaycanın seysmik şəbəkəsinə dair iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.  

            

Tədbir iştirakçıları Azərbaycanın seysmik və geodinamik şəbəkəsinin Şərqi Aralıq dənizi-Ərəbistan-Qafqaz sintaksisində aktiv textonikanın və seysmik təhlükənin  öyrənilməsində mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Seminarda müştərək elmi tədqiqatların aparılması üçün birgə elmi proqramın hazırlanmasının də vacibliyi vurğulanıb.

           

Seminar iki gün davam edib.