Hər şagirdin yaşma, dünyagörüşünə uyğun, arzu və marağı nəzərə almaqla tədbirləri müəyyənləşdirirəm


Gənc nəslin savadlı, bilikli, vətənpərvər, zəngin dünyagörüşlü olmasını məhz bu günün novator müəllimi təmin edir. Bunun üçün mən pedaqoji fəaliyyətin imkanlarından maksimum yararlanır, elmi- texniki nailiyyətləri izləyir, hərtərəfli inkişaf etmiş vətəndaş yetişdirmək üçün müxtəlif səmərəli yollar axtarır, onları işimə tətbiq edirəm.

 

Proqramın mövzularını həyatla əlaqələndirir və hər şagirdin yaşma, dünyagörüşünə uyğun, onların arzu və maraqları nəzərə alınmaqla sinifdənxaric və məktəbdənkənar tədbirləri müəyyənləşdirirəm.

 

Apardığım fəaliyyət prosesində kiçikyaşlı məktəblilərdə əxlaqi və mənəvi keyfiyyətlərin formalaşdırılmasına nail ola bilmişəm. Bu sahədə sinifdənxaric və məktəbdənkənar tədbirlərin rolu əvəzolunmazdır. Tədbirlər sistemində aşağıdakı vasitələrdən geniş istifadə edirəm:

a)    Kiçikyaşlı məktəblilərlə aparılan hərbi-vətənprvərlik tədbirləri;

b)    Milli Qəhrəmanlar, Qarabağ müharibəsinin iştirakçıları və şəhid ailələri ilə keçirilən tədbirlər;

c)    Müxtəlif mövzularda: mənəvi-əxlaqi, milli dəyərlərimizə, mənəviyyatımıza əsaslanan tədbirlər, tarixi günlər və bayramlarla əlaqədar aparılan söhbətlər, disputlar, ekskursiyalar və s.

 

Kiçik yaşlılarla aparılan hər bir sinifdənxaric və məktəbdənkənar tədbir onların ideya-siyasi, mənəvi tərbiyəsinin səviyyəsini daim yüksəldir. Bu sahədə gördüyüm işlər, həmkarlarında bölüşmək və ibtidai sinif müəllimlərinə kömək məqsədi ilə “Müəllim günü” , “Müstəqilliyimiz əbədidir”, “Bayraq günü”, “20 Yanvar hüzn günü”, “Xocalı soyqırımı”, “Beynəlxalq ana dili günü”, “Respublika günü” və s. aid hazırladığım ssenarilər mətbuatda dərc olunub.

 

Sinifdənxaric tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsində məktəbimizdə yaratdığım və 35 ildən çox fəaliyyət göstərən “N.Nərimanov xatirə muzeyi”nin rolu əvəzsizdir. Muzey Bakıdakı ev- muzeyinin filialı kimi fəaliyyət göstərir. Burada nümayiş olunan 4 minə yaxın eksponat içərisində vaxtilə N.Nərimanovun adını daşıyan təhsil ocaqlarında oxumuş və Böyük Vətən müharibəsində (1941- 1945) həlak olmuş həmyerlilərimizin, əfsanəvi “Luçano” ləqəbli “Mixaylo” ilə partizan hərəkatında iştirak etmiş M.Xəlilovun, N.Nərimanovun yeganə oğlu Nəcəfin döyüşlərdə qəhrəmanlıqla həlak olub uyuduğu Ukraynanın Donetsk vilayətindəki məzarlıqdan göndərilmiş torpaq və fotosənədlərin, N.Nərimanovun şimalli çekist dostu Sergey İqnatyevin oğlu Nəriman Sergeyeviç İqnatyevin məktubları, Qarabağ döyüşlərində iştirak etmiş və Xocalı soyqırımını çəkərək hamıya çatdıran Milli Qəhrəman Ç.Mustafayevə aid fotosənədlər, Milli Qəhrəman Mübariz İbrahimova və məktəbimizin 12 şəhid məzununa həsr olunmuş fotostendlər kiçikyaşlı məktəblilərin təlim keyfiyyətlərinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Haqqında verdiyim məlumatlardan və apardıqları araşdırmalardan öyrənirlər ki, Azərbaycan xalqının fenomen oğullarından olan N.Nərimanovun böyük xidmətlərindən biri də məhz iki məşhur generalımız Ə.Şıxlinski, S.b.Mehmandarovun və dahi bəstəkarımız Ü.Hacıbəylinin adlarını onların məhvi üçün Moskvaya göndərilən siyahıdan çıxarılmasına nail olmasıdır. Rusların Zaqafqaziyanın işğalından sonra Naxçıvanski soyadını qəbul edən Kəngərlilər nəsli Azərbaycanın hərb tarixinə beş general verib: Ehsan xan, İsmayıl xan, Kəlbalı xan, Hüseyn xan və Cəmşid xan Naxçıvanskilər. Bu nəsil Azərbaycanın hərb tarixində Qacarlardan sonra ən çox general yetişdirən nəsildir. Köhnə rus ordusunda tam süvari generalı rütbəsini alan və “Ağ qartal” kimi ali ordenlə təltif olunan 2-ci azərbaycanlı hərbiçi Hüseyn Naxçıvanski olub. İlk hərbiçi isə azərbaycanlı vitse- admiral İbrahim Allahverdibəyov (1888), 1915-ci ildə isə artilleriya generalı Səməd bəy Mehmandarov olub. Məktəblilərə hərb tariximiz haqda məlumatların verilməsindən sonra muzey xətti ilə onların Bakıya ekskursiyasını təşkil etdim. Məktəblilər Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Hərbi vətənpərvərlik” redaksiyasının əməkdaşları ilə görüşüb, şəhidlərin həyətdəki abidəsi önünə tər çiçəklər qoyublar. Sonra isə Vətən torpaqları üçün canından keçən qəhrəmanları tərənnüm edən şeirlər söyləyib, xatirə şəkilləri çəkdiriblər.

 

Şəhidlər xiyabanını ziyarət edən məktəblilər dərsliklərdə haqlarında məlumatlar yer almış Milli Qəhrəmanlarımız, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun və türk əsgərlərinin xatirəsinə ucaldılan abidələrin də önünə tər çiçəklər qoyublar. Onlar tədbirlərdən aldıqları təəssüratları yazdıqları inşalarda, hazırladıqları fotostendlərdə, divar qəzetlərində əks etdiriblər.

 

Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində məktəb muzeyimiz daim silsilə tədbirlər həyata keçirir. Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbirdə məktəblimiz onun qəhrəmanlığına, döyüş şücaətinə həsr etdiyi şeirində düşmənə nifrət hissini obrazlı şəkildə belə ifadə etmişdi:

 

Kimdir o, cəlladların üstünə qartal kimi şığıyan?

Kimdir o, cihadıyla Şəhidliyin zirvəsinə ucalan?

Mübarizdir, Mübarizdir, Mübariz!..

O mənfur düşmənləri kaş ki, bu əllərimlə özüm boğa biləydim....

 

Tədbirdə məktəblilərimiz Ş.Əlizamanlınm ən çox sevdikləri hərbi mahnıları da ifa etmişlər.

 

İstər   tədris  prosesində, istərsə də sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkilində muzey materiallarından istifadə edir, muzey dərsləri keçirirəm. Hərbi-idman oyunlarına da geniş yer veririk.

 

Ümumiyyətlə, Milli Ordumuza, Vətənə həsr olunmuş materiallardan istifadə etmək, şeirlər, mahnılar, rəsm müsabiqələri keçirməklə yanaşı ekskursiyaların, görüşlərin təşkili də kiçik yaşlarından başlayaraq şagirdlərdə vətəndaşlıq qüruru, tolerantlıq, milli-mənəvi dəyərlərə hörmət hissi aşılayır ki, bu da onların möhkəm xarakterli, savadlı, bilikli, yüksək əqidəli, doğma Vətənin əsl müdafiəçisi kimi yetişmələrini təmin edir.

 

Yeri gəlmişkən qeyd edək ki, hazırda hərbi sahədə çalışanların arasında məktəbimizin də yetirmələri ildən-ilə çoxalır.

 

Ümummilli lider Heydər Əliyev demişdir: “Vətəndaş” sözü böyük, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəni uğrunda, torpağı uğrunda, ata-anasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır. “Vətəndaş” sözünün mənası bax budur!”.

 

Yeri gəlmişkən onu da qeyd edim ki, ulu öndərimizin anım və doğum günlərində rayonumuzun və şəhərimizin Heydər Əliyev muzeylərində keçirilən tədbirlərdə şagirdlərim fəal iştirak edirlər. Onların Fəxri xiyabana ziyarətlərini də təşkil etmişəm, məktəblilər ulu öndərin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarları önünə tər çiçəklər qoyub-lar. Fəxri xiyabanda olarkən şagirdlərim müxtəlif sahələrin görkəmli şəxsiyyətlərin xatirələrini də yad ediblər. Onu da qeyd edim ki, keçirilən tədbirlərdə fəal iştirakıma və muzeyimizin Təhsil Nazirliyi tərəfindən “İlin muzeyi” adma layiq görülməsinə görə Fəxri fərmanlarla təltif olunmuşam. Görülən işlər və keçirilən tədbirlər mütəmadi olaraq radio və televiziyada işıqlandırılıb.

 

Bu günün vətəndaşlarına - Həzi və Mehdilərə, Çingiz və Təbrizlərə, Əlif və Mübarizlərə məktəbdə hələ ibtidai siniflərdə ilkin anlayışlar verilir, keçirilən əməli tədbirlər nəticəsində cəsurluq, Vətən yolunda mübarizlik onların əqidəsinə çevrilir və nəhayət, hər bir məktəblidə əsl vətəndaşlıq, vətənpərvərlik hissləri formalaşır. 

Deməli, tədris prosesində tərbiyə üç cəhəti təşkil edir: 1.Bilik. 2. Biliyin inama çevrilməsi. 3.İnamın davranışa çevrilərək vətəndaşın formalaşması.

Şagirdlərin hərtərəfli inkişafında tərbiyənin təlimə təsiri əsas amillərdən biridir. Odur ki, sinifdənxaric və məktəbdənkənar tədbirlər məqsədyönlü, şagirdyönlü, planauyğun, şagirdlərin yaş xüsusiyyətləri, arzu və istəkləri nəzərə alınmaqla təşkil olunmalıdır. Bu zaman yerli materiallardan istifadə olunmaqla, yerli şəraitə uyğun nəyi, nə vaxt, harada, necə, kimlərlə, təşkil etmək əvvəlcədən planlaşdırılmalıdır. Məsələn, mən Ü. Hacıbəylinin, N.Nərimanovun, S.Vurğunun, H.Cavidin, C.Cabbarlınm və başqalarının yubileyləri ilə bağlı tədbirlərimizi onların ev-muzeylərinə ekskursiyalar təşkil etməklə keçirirəm. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adma Dilçilik İnstitutunda, ADPU-nun pedaqogika kafedrasında, “Respublika” qəzetinin redaksiyasında və s. yerlərdə görkəmli alimlərlə görüşlər təşkil etmişik. Eyni zamanda şagirdlərində hər il aprelin 14-ə kimi Nərimanov həftəsi keçiririk.

 

Həftəiçi şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi, N.Nərimanova həsr olunmuş şeir müsabiqəsi, inşa yazılar və məktəbin həyətində iməciliklər təşkil edirik. Həftə sonu buraya Bakıdakı ev-muzeyinin əməkdaşlarını, Nərimanovşünas alimləri, N.Nərimanovun qohumlarını da dəvət edirəm. Muzeyin xətti ilə fəaliyyət göstərən “Vətənpərvərlər” dəməyinin rəhbəri kimi şagirdlərimin sinifdənxaric və məktəbdənkənar tədbirlərdə iştirakını daim təmin edirəm.

 

Tanınmış ziyalılarla, xüsusən Nərimanovşünas alimlərlə məktəbimizdə və məktəbdənkənar keçirilmiş geniş tədbirlər, görüşlər, ekskursiyalar uzun müddət məktəblilərin xatirində silinməz izlər qoyub.

 

Görkəmli pedaqoq B.A.Suxomlinski demişdir: “Uşağın mənəvi aləmi yalnız və yalnız o zaman dolğun ola bilər ki, o, oyun, nağıl, musiqi, fantaziya, yaradıcılıq dünyasında yaşasın. Bunsuz o, qurumuş ağaca bənzəyir”. 

 

Əlbəttə, sinifdənxaric və məktəbdənkənar tədbirlər müxtəlifliyi, rəngarəngliyi, zənginliyi ilə uşaqların diqqətini cəlb edir və elmə, biliyə maraq oyatmaqla onların layiqli vətəndaş kimi formalaşmasında zəruri rol oynayır.

 

Nəzakət ƏHMƏDOVA,

Xaçmaz rayon, Xudat şəhər N.Nərimanov adma 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi