Söhbət “Təhsilin psixodidaktik problemləri” monoqrafiyasından gedir


Bakı Dövlət Universitetinin dosenti Rəhimə Mahmudovanın bu yaxınlarda “Nurlar” nəşriyyatı tərəfindən geniş oxucu mütaliəsinə təqdim etdiyi “Təhsilin psixodidaktik problemləri” adlı monoqrafiyası həm tədqiqatın obyektinin müasirliyinə, həm problemin sintetik mahiyyəti baxımından yeniliyinə, həm də tədqiqat manerasına görə ilk baxımdan diqqəti cəlb edir. Burada təhsilin inkişaf mərhələləri psixodidaktik müstəvidə araşdırılır, onun inkişafı Y.A.Komenskiyə qədərki ənənəvi, fəal və inkişafetdirici təlim mərhələlərinə bölünür. Hər bir mərhələdə təhsilin inkişafının psixodidaktik məsələləri metodoloji baxımdan təhlil edilir.

 

Elmi araşdırmalardan əldə olunan nəticələrə görə, maarifçilərin təhsilin təşkili ilə bağlı fəaliyyətləri pedaqoji baxımdan nə qədər maraqlı olsa da, təhsilin təşkilini sistemli həyata keçirmək problemi uzun müddət həll olunmamış, bu boşluğu dolduran ilk pedaqoji əsər XVII əsrdə adı təhsil tarixinə böyük hərflərlə yazılan pedaqoq, müəllim Yan Amos Komenski tərəfindən yazılmışdır. O bu əsəri “Böyük Didaktika” adlandırmışdı.

 

Müəllifin qeyd etdiyi kimi təhsilin sistemli təşkilini öz məzmununda əks etdirən ilk pedaqoji əsərin XVII əsrə təsadüf etməsi o demək deyil ki, həmin dövrə qədər təhsil, məktəb olmamışdır. Hər bir tarixi mərhələnin reallıqlarına rəğmən əsrlər boyu məktəblərdə müxtəlif pedaqoji innovasiyalar həyata keçirilmişdir. Lakin onları ümumi məxrəcə gətirə biləcək sistemli təhsil konsepsiyası olmadığı üçün bu innovasiyalar özlərinin sonrakı inkişafını tapa bilməmiş, kamil, ideal, yetkin, hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırmaq ideyasının reallaşdınlma- sında çətinlik çəkmişdir. Əvəzində təhsil tarixində bənzərsiz zəngin pedaqoji təcrübənin, son dərəcə qiymətli pedaqoji irsin formalaşmasına nail olunmuşdur.

 

Monoqrafiya müəllifi çox geniş tədqiqatçılıq erudisiyası və əzmkarlığı ilə bütün dövrlər üzrə sivilizasiyalararası mərhələlərin müqəddəm şərtlərindən qaynaqlanan ictimai-humanitar meyarların təhsil transformasiyalarına təkcə tarixi yox, həm də tədris-metodiki və psixoloji təsirinə mərhələlərlə yanaşaraq maraqlı elmi mülahizələr ortaya qoyur. Haqlı olaraq göstərir ki, Y.A.Komenskiyə qədər vahid təhsil konsepsiyasının yaranmasına gözəgörünməz tellərlə mane olan amillərdən biri kimi quldarlıq dövründən başlayaraq təhsildə təbəqələşmənin həyata keçirildiyini göstərmək olar. Təhsilin tarixindən bəlli olur ki, məktəbin inkişafı istiqamətində əldə olunan nailiyyətlər, irəli sürülmüş ideyalar quldarlıq dövründə feodalizm dövrü ilə müqayisədə pedaqoji həqiqətlərin daha dərin qatlarını fəth edə bilmişdir .

 

Pedaqogika tarixçiləri qədim dövrlərdən bu günə qədər təhsilin və tərbiyənin təşkili yollan, müxtəlif dövrlərdə yaşamış mütəfəkkirlərin bu yönümlü fikirlərini köklü şəkildə tədqiq etmiş, əminliklə demək olar ki, çox çətin olan bu işin öhdəsindən böyük uğurla gəlmişlər.

 

Əslində, təhsilin təşkili, məzmunu və tətbiqi yollarının tədqiqi bizi tarixi baxımdan deyil, müasirlik prizmasından maraqlandırırdı. Lakin tədqiqatın gedişində, müxtəlif pedaqoji məsələlərin (bioloji terminlə desək) “kökünü” axtaranda, “rişələr” bizi tədricən qədim dövrə qədər aparıb çıxardır. Pedaqogika tarixçilərinin tədqiqatları ilə problemin tarixi-müqayisəli tədqiqi istiqamətində daha dərindən tanış olduqca, məlum oldu ki, “Böyük didaktika” ilk pedaqoji əsər kimi deyil, dövrün tələblərinə müvafiq sistemli təhsil yaratmaq gücünə malik olan ilk humanitar-pedaqoji əsər kimi qiymətləndirilsə, daha düzgün olardı.

 

O, mövcud elmi-pedaqoji təsnifata dair tədqiqatlara yenidən nəzər salaraq təhsilin və tərbiyənin təşkilinin Komenskiyə qədərki və Komenski mərhələsini xüsusi qeyd edir.

 

Sonra müəllif hər iki mərhələnin spesifik tarixi və nəzəri pedaqoji-psixoloji yönümdən təhlilini təmin etmişdir.

 

Göstərir ki, təhsil tarixində çox böyük iz qoymuş Y.A.Komenski mərhələsi XX əsrin 60-cı illərinə qədər davam etmişdir. Təhsil tarixində belə hallar olmuşdu. Məsələn, XX əsrin əvvəllərində SSRİ-də tətbiq edilən və uğur qazana bilməyən “briqada laborator üsulu”, əsrin sonlarında interaktiv təlim müstəvisində “qrupla iş” metodikası çərçivəsində böyük uğurla məktəblərə tətbiq edilməyə başladı.

 

Keçən əsrin 60-cı illərində Amerika pedaqoqu və psixoloqu B.Blum təliım psixologiyası və ümumilikdə didaktika sahəsində böyük uğur qazanmış, təhsilin ənənəvi təlim mərhələsindən daha yüksək səviyyəyə qalxmasına, əslində, yeni pedaqoji təfəkkürün formalaşmasına səbəb olmuşdur. B.Blumun yeni təlim taksonomiyalan hazırlaması ilə təhsilin məzmunu yenilənmiş, izahedici təlim metodlarına fəal təlim metodları əlavə edilmişdir. Bu yeniliklər təlimi daha yüksək səviyyəyə-hafizə səviyyəsindən təfəkkür səviyyəsinə qaldırmışdır. Təhsilin məzmununun yeni paradiqma - təfəkkür paradiqması əsasında qurulması təhsil tarixinə fəal təlim kimi düşdü. Monoqrafiyada bu mərhələ təhsilin təşkilində - məzmunu etibarı ilə - “fəal təlim” adını almış üçüncü mərhələ kimi qiymətləndirilir. Bu da ilkin təşəbbüsdür!

 

Keçən əsrin 90-cı illərində B.Blumun tələbələri onun təlim məqsədli taksonomiyalarım modifikasiya edib, buraya “yaratma” səviyyəsini əlavə etməklə, təhsilin təşkilini daha yüksək səviyyəyə - təfəkkür və təxəyyül səviyyəsinə qaldırdılar. Daha dəqiq desək, təlim təhsilalanın müstəqil fəaliyyəti üzərində qurulduğundan təhsilin bu məzmunu yeni təlim metodlarının - interaktiv təlim metodlarının yaranmasına səbəb oldu.

 

Müəllif çox geniş arealda araşdırmalarının sintetik xarakterinə müvafiq tarixi-müqayisəli üslubda təhsilin təşkilinin dörd mərhələsini konkretləşdirmişdir: Birinci mərhələni Y.A.Komenskiyə qədərki dövr adlandırmış, bu mərhələdə təhsilin təşkili heç bir konsepsiyaya əsaslanmamış, gah sistemli və gah da sistemsiz xarakter daşımışdır. İkinci mərhələ hafizə meyarına, üçüncü mərhələ təfəkkür meyarına, dördüncü mərhələ isə təfəkkür və təxəyyül meyarına əsaslanmışdır. Tamamilə yeni elmi qənaətlər olaraq ciddi əsaslandırma tələb edən vəzifənin öhdəsindən uğurla gəlmişdir.

 

Ona görə XX əsrin sonlarında təhsilin təşkili istiqamətində dünya müstəvisində köklü dəyişikliklər baş verdi: əvvəlcə müəyyən edildi ki, təlimin təşkilində hafizə meyarları üstünlük kəsb etdikdə təhsil inkişafetdirici xarakter daşımır. Nəticədə - təlimin təfəkkür meyarları üzərində qurulması zərurəti gündəmə gəldi, fəal təlim ənənəvi təlimi əvəz etdi; bir müddət sonra təhsilin, təfəkkürlə yanaşı, təxəyyül meyarları aktuallaşdı və əsrin sonunda interaktiv təlim öz hökmlü görünüşü ilə dünya təhsilinin fövqündə durdu.

 

Deyilənlərdən aydın olur ki, XX əsrin yaddaşı təlimin üç meyar üzərində qurulmasına şahidlik edib - yaddaş, təfəkkür və təxəyyül.

 

Təhsilin təşkili, məzmunu, prinsipləri, metodları, təlimin təşkili formaları və biliyin mənimsənilməsini qədim dövrdən Komenskiyə qədərki böyük dövrdə psixodidaktik müstəvidə təhlil edən müəllif təkrarçılığa yol verilməməsi üçün təhlili dövrlər üzrə aparmamış, diqqət yalnız problemin qoyuluşu baxımından özünəməxsusluğa malik məqamlara yetirilmişdir.

 

Təhsilin inkişaf dinamikasına xüsusi diqqət yetirən müəllif qeyd edir ki, zaman keçdikcə təhsil də öz inkişafını sürətləndirirdi. Qədim Misirdə ikidərəcəli məktəblərin, Romada üçpilləli məktəblərin, Afinada gimnazilərin, Bizans imperiyasında ali təhsil məktəblərinin yaranması bunu sübut edir. Lakin bu inkişaf tək elə təhsilin məzmun baxımından deyil, psixodidaktik baxımdan da nəzərəçarpacaq uğurlarda əksini tapırdı. Qədim Hindistanda birgə oyun və əmək prosesində təhsilin təşkili, Çində təlimin müəllim- şagird əməkdaşlığı və müstəqilliyin üzərində qurulması, Demokritin idrak proseslərinin mərhələləri haqqında düşüncələri, Sokratın dialoq metodu, Platonun yaş dövrləri, Kvintilianın induktiv təlim yolu və s. qədim dövrdə insanların təhsil sahəsində əldə etdikləri uğurlar kimi qiymətləndirilməlidir. Həmin ideyalarda fəal və interaktiv təlim elementləri də var idi.

 

İslam dininin yaranması ilə Yaxın və Orta Şərqdə təhsilin inkişafı öz vüsətini artırdı. İlk “Müdriklik evləri”nin, orta və ali təhsil verən mədrəsələrin yaranması məktəb şəbəkəsinin genişlənməsini əks etdirməklə pedaqoji nəzəriyyəni zənginləşdirən ideyalar kimi, təhsilin tarixinə yeni məzmun vermişdir.

 

Düşünmək olardı ki, orta əsrlərdə təhsil öz inkişafını özünəqədərki pedaqoji irsin bazasında sürətləndirəcəkdir. Lakin erkən orta əsrlərdən etibarən təhsilin inkişafı sanki ləngiməyə başladı. Bu prosesi müəllif elmi-qənaətləri ilə əsaslandıraraq göstərir ki, artıq XV-XVI əsrlərdə bir çox Avropa ölkələrində islahatlara başlanıldı. Bu hərəkat humanizm ideyalarına söykənərək zorakılığa qarşı yönəldi. Almaniyada Martin Lüter, Fransada Jan Kalvin, İsveçrədə Ulrix Tsivinqli kilsə adətlərini aradan qaldırmağı təbliğ edir, Bibliyanın müstəqil öyrənilməsi və dərk edilməsi uğrunda mübarizə aparırdılar.

 

Didaktika terminini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke işlədərək, təhsilin metodologiyasını hazırlasa da, onu sistemli nəzəriyyəyə çevirə bilməmişdir. Bu vəzifəni çex pedaqoqu Y.A.Komenski yerinə yetirmişdir.

 

Tədqiqatçı problemin şərhi zamanı regional təcrübəni də unutmur, maraqlı paralellər tapır, hökmlər verir. Göstərir ki, təhsilin təlim məqsədləri müstəvisində qurulması respublikamızda bu istiqamətdə tədqiqatları da aktuallaşdırmışdı. Bu müstəvidə Ə.Ə.Əlizadənin tədqiqatları elmi çəkisi ilə fərqlənirdi. O, milli xüsusiyyətləri nəzərə alaraq, təlim məqsədlərinin üçtərkibli taksonomiyasım hazırlamış və bunu iki variantda işləmişdir. I variantda əsas taksonometrik kateqoriyalar “təhsil”, “inkişaf’ və “tərbiyə” təlim məqsədlərinə görə təsnif edilmişdir. Problem üzərində tədqiqatlarını davam etdirən Ə.Ə.Əlizadə taksonomiyanı daha da təkmilləşdirərək, təlim məqsədlərini “Öyrənmə-inkişaf’ kateqoriyaları üzərində cəmlədi. B.Blumun taksonomiyası, mahiyyəti etibarı ilə, inkişaf konsepsiyası idi, Ə.Ə.Əlizadənin təklif etdiyi taksonomiya da, mahiyyəti etibarı ilə, inkişaf konsepsiyasıdır, lakin o, təlim məqsədlərinə tərbiyə və mədəniyyət (Ə.Ə.Əlizadə mədəniyyəti tərbiyənin nəticəsi kimi qiymətləndirir - R.M.) amilini də əlavə etmişdir. Bu taksonomiya “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” - konseptual xarakterli çərçivə sənədi hazırlanarkən əsas istinad mənbələrindən biri olmuşdur. Bu taksonomiyalar əsasında Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu və ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurikulum saytı hazırlanmışdır.

 

Bakı Dövlət Universitetinin dosenti Rəhimə Mahmudova tərəfindən tamamilə yeni bir elmi üslubda hazırlanmış monoqrafiya 4 fəsildən və yarımfəsillərdən ibarətdir.

 

Tədqiqat işinin “Təhsilin inkişafinda Y.A.Komenskiyə qədərki mərhələ” adlanan birinci fəsli 3 yarımfəsildən və alt yarımfəsillərdən ibarətdir. Birinci yanmfəsil “Qədim dövrün pedaqoji möcüzələri” adlanır ki, burada ibtidai icma dövründə tərbiyənin təşkilindən, qədim Şumer dövlətində ilk məktəblər və təhsilin məzmunundan, qədim Misirdə ikidərəcəli təhsildən, qədim Hindistanda təhsil və inkişafetdirici tərbiyədən, qədim Çində təhsil, müəllim-şagird əməkdaşlığından, qədim Afinada açılmış gimnaziyalardan, qədim Romada üçpilləli təhsildən, Bizans imperiyasında ali təhsildən, Demokritin - idrak proseslərinin mərhələli inkişafından, Platonun - yaş dövrlərinə uyğun təhsil ideyasından, Aristotelin - məntiqi təfəkkürün formalaşması haqqında klassik şərhindən, Kvintilianm - induktiv təlim yolu haqqında pedaqoji düşüncələrindən geniş bəhs olunur. “Yaxın və Orta Şərqdə təhsil - İslamda tərbiyə və təhsil məsələləri” adlanan ikinci yarımfəsildə sinif-dərs sisteminin ilk modeli, təlimdə psixi və fərdi xüsusiyyətlərin nəzərə alınması, orta və ali təhsil verən mədrəsələr haqqında ümumiləşmələr şərh olunur. Əli Kindinin - təlim prosesində intellektin formalaşması, Fərabinin - Təhlil-tərkib, induksiya- deduksiya dialektikası, İbn Sinanın - təlimdə nəticəçıxarma metodundan, Nəsirəddin Tusinin - müstəqil təlim fəaliyyətindən və s. kimi mütəfəkkirlərin fikirlərindən yeni bir tədqiqat prizmasından söhbət açır. Üçüncü, “Avropada orta əsrlər təhsili” yarımfəslində erkən orta əsrlərdə təhsilin inkişafı, kilsə və cəngavərlik məktəbləri, şagirdlik tərbiyəsi və ya ilk peşə məktəbləri, ibtidai məktəblər, şəhər məktəbləri, Almaniyada ilk gimnaziyalar, saray məktəbləri, ali təhsil ocaqları- universitetlərin yaranması, intibah dövrünün islahatları məsələləri haqqında ətraflı bəhs olunmuşdur.

 

Əsərin ikinci fəsli “Didaktika - təlim və təhsil nəzəriyyəsi kimi” adlanır. Bu fəsildə Volfqanq Ratkenin “Didaktikanın yaranması”, YA.Komenskinin “Sistemli didaktik nəzəriyyə” başlığı altında pedaqoji fikirləri problemin mövzusu baxımından təhlil və tədqiq olunur.

 

“Fəal təlimə gedən yol” adlanan üçüncü fəsildə isə “İnkişafetdirici təlim ideyaları” başlığı altında Jan Jak Russonun “Təcrübəni müstəqil əldəetmə”, “İ.Pestalotsinin “Elementar (ibtidai) təhsil ideyası”, İ.F. Herbertın “Tərbiyəedici təlim nəzəriyyəsi”, A.Disterveqin “Təbiətəmüvafiqlik prinsipi təbii inkişafın əsası kimi”, K.D. Uşinskinin “Məktəb şagirdləri müstəqil və yaradıcı əməyə hazırlamalıdır” kimi pedaqoji konsepsiyaları problemin əsaslandırılması baxımından təhlilə cəlb edilmişdir.

 

Monoqrafiyanın sonuncu, dördüncü fəsli “İnter-aktiv təlim” adlanır ki, bu təlim məqsədləri taksonomiyasının yeni variantı, interaktiv təlimin tətbiqinin optimal yolları, prinsip və mərhələləri, interaktiv təlimdə biliyin qiymətləndirilməsi məsələləri araşdırılır. Ə.Ə. Əlizadənin “Azərbaycanda yeni təlim taksonomiyaları”ndan bəhs olunur, kurikulum taksonomiyanın praktik təcəssümü kimi, Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumunun quruluşu, Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurikulumunun quruluşu və s. məsələləri tamamlanır.

 

Beləliklə, monoqrafiyada təhsilin inkişaf mərhələləri psixodidaktik müstəvidə araşdırılmaqla onun inkişafı Y.A.Komenskiyəqədərki ənənəvi, fəal və inkişafetdirici təlim mərhələləri olaraq tədqiqata cəlb edilmiş, hər bir mərhələdə tarixi formasiyaların müqəddəm şərtlərindən qaynaqlanan transformasiya fakt-lanna istinadən ilk dəfə yeni tarixi-pedaqoji-psixoloji üslubda bu inkişafın psixodidaktik məsələləri sintetik xarakterdə araşdırılaraq metodoloji-nəzəri baxımdan tədqiq-təhlil edilmişdir.

 

Geniş elmi-pedaqoji ictimaiyyət üçün nəzərdə tutulmuş monoqrafiya qətiyyətlə yeni əsrdə ərsəyə gəlmiş ən uğurlu milli tədqiqatlardan biri olaraq dəyərləndirilə bilər.

 

Həsən Bayramov, 

pedaqoji elmlər doktoru