Paytaxt məktəbliləri arasında “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda inşa yazı müsabiqəsinin şəhər mərhələsi keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi şagirdləri milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini gücləndirmək, habelə sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir.

 

BŞTİ  və Azərbaycan Respublikası Dini  Qurumlarla İş üzrə  Dövlət Komitəsinin birgə keçirdiyi ikimərhələli (məktəbdaxili, şəhər) müsabiqədə şagirdlər həcmi 250-300 sözdən ibarət olan yazı təqdim edirlər.

 

Müsabiqənin şəhər mərhələsində məktəbdaxili mərhələdən keçən 200-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur.

 

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.