ADU-da III Beynəlxalq elmi konfrans öz işinə başlayıb


Oktyabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfransın açılışı olub.

 

Öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Konfransda Böyük  Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və başqa ölkələrdən gələn qonaqlar, eləcə də ADU və respublikanın digər universitetlərinin akademik heyəti iştirak edib.

 

Azərbaycan Dillər Unviversitetinin rektoru, akademik Kamal Abdulla xarici və yerli qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib: “Dəvətimizi qəbul edib Bakıya gəldikləri üçün dilçi alimlərə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, qonaqlarımız Bakıdan xoş təəssüratlarla qayıdacaqlar və buraya bir daha səfər etmək haqqında düşünəcəklər”. ADU-nun konfranslarının dünyanın aparıcı elmi təşkilatlar, elm xadimləri tərəfindən maraqla qarşılandığını deyən rektor konfransda iştirak edən elm xadimləri ilə ADU-dakı həmkarları arasında yeni əlaqələr qurulacağına əminliyini ifadə edib. 

 

Konfrans haqqında məlumat verən rektor K.Abdulla tətbiqi dilçiliyin bütün dilçilik sahələrinin əsasında durduğunu bildirib: “Bu gün dilçiliyin nəzəriyyə, üslubiyyat, qrammatika və digər aspektlərinin tədris olunmasında tətbiqi dilçilik mühüm rol oynayır. Onun vasitəsilə dilçiliyin digər sahələrinə də ekskurslar edə biləcəyik. Tətbiqi dilçiliyin bütün problemlərinin araşdırılması dil tədrisini daha effektli şəkildə qurmağımıza kömək edir”.

 

Kamal Abdulla keçirilən beynəlxalq konfransların, elmi simpoziumların əsas qayəsinin müxtəlif ölkələrdən, dinlərdən olan insanların bir-biri ilə ünsiyyət qura bilməsi, əlaqələrini möhkəmləndirməsi olduğunu qeyd edib.

 

Sonra konfransın xarici qonaqları tədbir haqqında fikirlərini bölüşüb, gələcək əməkdaşlığın perspektivlərindən söz açıblar.

 

Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovska “Qorunan və ifadəli – Britaniya və Amerika Mədəni Linqvistika Eynilikləri” mövzusunda məruzə edib.

 

Konfransın davamında plenar iclas iştirakçıları “Ümumi dilçilik” kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Tətbiqi dilçiliyin hazırki vəziyyəti”, Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialının professoru Elçin Həşimovun “Dil şüurunda mədəniyyətin rolu və yeri” haqqında məruzələri dinlənilib.

 

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev konfransın işi haqqında ümumi məlumat verib. O, bildirib ki, 25-26 oktyabr tarixlərini əhatə edən konfransın işində “Birinci eksperimental və müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, “Xarici dillərin tədrisinə dair müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləri” bölmələri üzrə müzakirələr aparılacaq. Konfrans çərçivəsində yerli və xarici iştirakçılar İngiltərənin Durham Universitetinin professoru Maykl Bayramın skayp vasitəsilə mühazirəsində, həmçinin Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak edəcək.