Oktyabrın 24-də Sumqayıt Poeziya Evində məktəbli yazar Gülnaz Nağızadənin yeni nəşr olunmuş “Femidanın gözləri” povestinin təqdimatı keçirildi. Xatırladaq ki, müəllif Sumqayıt şəhəri Nəsirəddin Tusi adına 12 nömrəli orta məktəbin 10-cu sinif şagirdidir.

 

Tədbir iştirakçılarını salamlayan Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı gənc yazarı iştirakçılara təqdim etdi və ona yaradıcılıq uğurları arzuladı. Daha sonra filoloq AygünYaşar təqdimatı keçirilən kitab barədə məruzə etdi. Təqdimatda iştirak edən kitabın redaktoru, professor Vaqif Yusifli gənc yazarın kitabının bədii məziyyətlərindən danışdı. Millət vəkili Qənirə Paşayeva Gülnaz Nağızadəni təbrik edərək onun gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə etdi və müəllifə xatirə hədiyyəsi bağışladı.

 

Çıxış edənlər təbrikə qoşularaq məktəbli yazarın bacarıq və istedadından söz açıb , ona yeni yaradıcılıq ugurları arzuladılar.  Sonra söz müəllifə verildi. O da öz növbəsində kitabının işıq üzü görməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edərək ailədən və dövlətdən aldığı dəstəyin qarşılığında ona olan etimadı doğruldacağını qeyd etdi. Təqdimatın sonunda Gülnazın valideynləri çıxış edərək qızlarının istedadına dəyər verib tədbirə gələn və kitabların nəşrində rolu olan hər kəsə təşəkkürünü bildirdilər.