Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olan təhsil ocaqlarından biri də Bakının Nərimanov rayonunda yerləşən 202 nömrəli  tam orta məktəbdir. Nəzərə çatdıraq ki, tədris müəssisəsi müsabiqəyə “İnklüz təhsildə elektron löhvə” layihəsi ilə qoşulub. Layihənin əsas məqsədi Bakı şəhərindəki inklüziv məktəblərdə dərs deyən müəllimləri interaktiv lövhədən düzgün istifadə qaydalarını  və yaradıcı dərs nümunələri hazırlanmasını təmin etməkdən ibarətdir.  2 iyul – 30 noyabr  2018-ci il tarixlərini əhatə edən layihə Bakı şəhəri üzrə pilot məktəb seçilən 4 inklüziv məktəbi əhatə edir. Layihənin rəhbəri 202 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanova bizimlə söhbətində layihənin icra planından danışıb. O, bildirib ki, plana əsasən paytaxtın 138, 202, 220 və 252 nömrəli inklüziv məktəblərində müəllimlər üçün layihənin təqdimatları keçirilib. Təqdimatlar zamanı layihənin təlimçi və ekspert komandası müəllimlərə məlumat verib və onların suallarını cavablandırıb.

   

Təlimlər haqqında danışan A.Süleymanova bildirib ki, ilk treninqlər 20-21 və 27-28 oktyabr tarixlərində layihənin təlimçiləri olan Vəfa Məmmədova və Mətanət Tomayeva tərəfindən 202 nömrəli məktəbdə keçirilib. O, həmçinin, təlimlərin hər qrupda 8 saat olmaqla 4 gün davam etdiyini də sözlərinə əlavə edib:  “Təlimlər zamanı layihənin təlimçi və ekspertləri iştirakçılara inklüziv siniflərdə elektron lövhədən istifadə bacarıqları haqqında geniş məlumat verib. Müəllimlər qrup işləri və praktik məşğələlərlə öyrəndiklərini daha da təkmilləşdiriblər”. A. Süleymanova növbəti təlimlərdə 138 və 202 nömrəli məktəblərin müəllimlərinin iştirak edəcəyini diqqətə çatdırıb. O,  təlimlər bitdikdən sonra müdavimlərlə birlikdə  layihənin yekunu ilə bağlı tədbir keçiriləcəyini və iştirakçılara sertifikatlar təqdim olunacağını da bildirib. Qrant müsabiqəsi haqqında da fikirlərini bölüşən direktor qeyd edib ki, Təhsil Nazirliyinin qrant müsabiqələri müəllimlər üçün yeni imkanlar yaradır: “Bu imkanlardan maksimum faydalanaraq müəllimlərə yeni bilik və bacarıqlar aşılamaq olur. Bu istiqamətdə olan layihələrə məktəblərin və müəllimlərimizin ehtiyacı var”.

                                                                                    

Niyazi RƏHİMOV