Kənd Təsərrüfatı İşçiləri Günü NDU-da qeyd olunub


Naxçıvan Dövlət Universitetində kənd təsərrüfatı işçilərinin peşə bayramına həsr olunmuş bilik yarışı keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov noyabrın 1-nin ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunduğunu deyib. Bildirib ki, ulu öndərin ideyalarını uğurla həyata keçirən  dövlət başçısı ilham Əliyev hər zaman aqrar sahənin inkişafına  önəm verib. Məhz elə bunun nəticəsidir ki, bu gün kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi aqrar sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub.

 

Təbiətşünaslıq və kənd təsərrüfatı fakultəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şamil Mahmudov bildirib ki, Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və qeyri–neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir.

 

Şərtlər barəsində iştirakçılara məlumat verildikdən sonra yarışa start verilib. Yarışda  “Qala”, “Əlincə”, Zümrüd”, Xudafərin”, “Kəpəz” və “Günəş” komandaları iştirak ediblər. 3 mərhələ üzrə keçirilən yarışın I mərhələsində  komandalara 15, digər iki mərhələdə isə 10 sual təklif edilib. Oyunun qaydalarına əsasən I turda heç bir komanda oyundan kənarlaşdırılmayıb. II turda “Qala” və “Zümrüd” komandalar oyunu tərk etdikdən sonra III mərhələyə keçid olub. Gərgin gedən yarışın sonunda “Əlincə” komandası I yerə layiq görülüb.  Qalib komanda fəxri fərmanla mükafatlandırılıb.