Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı ali məktəblərinin adları açıqlanıb


Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkəti  Şərqi Avropa və Mərkəzi Asiyanın ən yaxşı universitetlərinin növbəti  reytinqini (QS University Rankings: Emerging Europe & Central Asia) tərtib edib. Ötən il olduğu kimi, reytinqə  postsovet   məkanının ən qocaman və nüfuzlu ali məktəblərindən olan  M.V.Lomonosov  adına Moskva Dövlət Universiteti başçılıq edir.  Sıralamanın ilk 5-liyinə  Novosibirsk Dövlət Universiteti (2-ci yer),  Estoniyanın Tartu Universiteti (3-cü yer),  Sankt -Peterburq Dövlət Universiteti  (4-cü yer) və Çexiyanın Çarlz Universiteti (5-ci yer) daxil olublar.

 

Reytinqdə Azərbaycanı ölkəmizin 7 universiteti təmsil edir.   Sıralamada Azərbaycan ali məktəbləri arasında liderlik Bakı Dövlət Universitetinə  məxsusdur.   BDU  sıralamada  142-ci yeri tutub.  Xəzər Universiteti 161-170-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 181-190-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA və Azərbaycan Dillər Universiteti 201-250-ci yerlərdə, Bakı Slavyan Universiteti isə 251 – 300-cü pillədə qərarlaşıb.
    

Müqayisə üçün deyək ki, reytinqdə Ermənistanın cəmi 3, Gürcüstanın isə 2 universiteti yer alıb.
 

Bütövlükdə 9 meyar əsasında tərtib  edilmiş reytinqə 24 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsindən 450 universitet daxil olub. Ali məktəbin yekun nəticəsinə ən böyük töhfə onun elmi reputasiyası  (30%) və işəgötürənlər arasında nüfuzu  (20%), eləcə də professor-müəllim tərkibinin tələbələrin sayına olan nisbəti (15%) təsir göstərir.  Başqa göstəricilər arasında əcnəbi  professorların sayı, xarici tələbələrin sayı, publikasiya fəallığı (10%), elmi nəşrlərdən sitatgətirilmə, elmi dərəcəli əməkdaşların sayı, universitet internet-resurslarının effektivliyi kimi meyarları göstərmək olar.

 

Oruc MUSTAFAYEV