Universitetdə görkəmli kimyaçı alimin adına təqaüd də təsis olunub


Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünya şöhrətli kimyaçı alim, kimya elmləri doktoru, Dövlət mükafatı laureatı, akademik Yusuf Məmmədəliyev  adına auditoriyanın açılış mərasimi keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı görkəmli alimin xatirəsinin ADNSU-da hər zaman yüksək tutulduğunu və onun adını daşıyan auditoriyanın qurulmasının universitet üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Y.Məmmədəliyevin adına olan auditoriyada gündəlik dərslərin keçiriləcəyini deyən rektor M.Babanlı, burada həm də tələbələrin dahi akademikin fəaliyyəti və yaradıcılığı haqqında ətraflı mlumat ala biləcəyini vurğulayıb. Bununla yanaşı universitetin Elmi Şurasının qərarı ilə ADNSU-da Y.Məmmədəliyev adına təqaüdün də təsis olunduğunu deyən rektor M.Babanlı gənc kimyaçıları bu təqaüdə layiq olmağa çağırıb.

 

Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov görkəmli alimin elmi nailiyyətlərindən, gənc kadrların hazırlanmasındakı mühüm xidmətlərindən və Azərbaycan kimya elmi üçün gördüyü əvəzsiz işlərdən söz açıb. Raket yanacaqları sahəsində elmi işlərinin alimin ən böyük nailiyyətlərindən olduğunu vurğulayan V.Abbasov onun ən böyük elmi ideyalarından birinin də məhz Naftalan nefti ilə bağlı olduğunu bildirib.

 

ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının müdiri, professor  Yunis Qəhrəmanlı  akademik Y.Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunan geniş təqdimatla çıxış edib.

 

Sonra görkəmli alimin qızı Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, fəlsəfə elmləri doktoru, professor Sevda Məmmədəliyeva çıxış edərək ADNSU kimi zəngin tarixi kökləri olan bir ali təhsil ocağında atasının adını daşıyan belə bir auditoriyanın qurulmasını yüksək qiymətləndirdiib və universitet rəhbərliyinə  təşəkkürünü bildirib. Akademikin həyat yolundan və onun yaratdığı kimya məktəbindən danışan professor S.Məmmədəliyeva akademik Yusuf Məmmədəliyevin hərətərəfli şəxsiyyət olduğunu bildirib və onun qısa, lakin zəngin bir ömür yolu keçdiyini vurğulayıb.

 

Daha sonra akademik Y.Məmmədəliyevə həsr edilmiş film nümayiş olunub.