Universitetdə çex dili və mədəniyyəti mərkəzinin açılması nəzərdə tutulur


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çex Respublikasının təhsil, gənclər və idman nazirinin  müavini xanım Dana Prudnikova ilə görüşüb.

        

Xanım Prudnikovanı universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla qonağa universitet haqqında ətraflı məlumat verib.  1970-ci ildən fəaliyyət göstərən təhsil ocağında bir çox dillərin tədris olunduğunu deyən K.Abdulla yaxın zamanlarda çex dili, mədəniyyəti və ədəbiyyatının da tədrisinin planlaşdırıldığını söyləyib. Rektorun sözlərinə görə, ADU-da çex dili və mədəniyyəti mərkəzinin açılması nəzərdə tutulur. Rektor ümid etdiyini bildirib ki, Çexiya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılacaq.

 

Dillər Universitetinin rektoru Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən də  danışaraq bu istiqamətdə birgə əməkdaşlığın mümkünlüyündən söz açıb.

 

Səmimi qəbula görə ADU rəhbərliyinə təşəkkürünü bildirən xanım Dana Prudnikova çex dilinin tədrisi istiqamətində atılacaq addımlara görə əvvəlcədən minnətdarlığını çatdırıb.

 

Qonaq qeyd edib ki, Çexiyanın universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması üçün əlindən gələn köməyi edəcək.