Tələbələr bayram tədbirində ədəbi-bədii kompozisiya təqdim ediblər


Azərbaycan Dövlət Aqrar Universitetin inzibati binasında Bayraq gününün böyük təntənəsi yaşanıb. Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təbrik nitqi söyləyib. Bildirib ki, Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarix boyunca saxlayıb. Rektor onu da vurğulayıb ki, bayraq hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrətidir.  İbrahim Cəfərov Azərbaycanın müstəqillik rəmzi olan Dövlət bayrağının 1918-ci ildə Xalq Cümhuriyyəti dövründə yaranması tarixindən də danışıb. Diqqətə çatdırıb ki, sonralar ümummilli lider Heydər Əliyevin iradəsi ilə ilk dəfə 1990-cı il noyabrın 19-da Naxçıvan Ali Sovetinin iclas zalına üçrəngli bayrağımız təntənə ilə gətirilib və Dövlət bayrağı kimi təqdim olunub.

 

Universitetin tələbələrdən ibarət bədii özfəaliyyət kollektivi isə tədbir iştirakçılarına  Dövlət bayrağının dəyərlərini əks etdirən ədəbi-bədii kompozisiya təqdim edib. Əsgər geyimli tələbələrin cəngi sədaları altında bayrağımızı zala gətirməsi alğışlarla qarşılanıb, ürəkləri riqqətə gətirib. Bir-birindən təsirli, vətənpərvərlik hissləri ilə dolu ifalar, söylənən şerlər hamını duyğulandırıb və Bayrağa tələbə sevgisinin təbiiliyini göstərib.

 

Sonda rektor İbrahim Cəfərov tədbirin hazırlanmasında zəhməti olan tələbə və müəllimlərə təşəkkür edib.