İdmanda kütləviliyin təmin olunması üçün yeni imkanlar yaradılır


Məktəblər arasında idman növləri üzrə respublika çempionatının məktəbdaxili mərhələsi yekunlaşıb. Oktyabr ayı ərzində ölkə üzrə 2397 ümumi təhsil müəssisəsində keçirilən yarışlarda 200000-dən artıq məktəbli iştirak edib. Yarışlara basketbol idman növü üzrə 1442, voleybol üzrə 1303, atletika üzrə 2262, şahmat üzrə 675 məktəb qoşulub.

 

Noyabrın 1-dən isə yarışların rayondaxili mərhələsi başlayıb. Rayondaxili mərhələdə 2397 ümumi təhsil müəssisəsi üzrə 4 idman növündə 5682 məktəb komandası iştirak edir.

 

Bu il sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilən məktəblər arasında respublika çempionatı ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə gerçəkləşdirilir. Əsas hədəf ondan ibarətdir ki, birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə idmanda kütləvilik təmin olunsun, yüksək nailiyyət və uğurlar əldə edilsin. 

 

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Şahmat və atletika idman növləri üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərlərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.

 

Beləliklə, Azərbaycan məktəbliləri öz aralarında yarışaraq məktəblərin dünya çempionatında ölkəmizi təmsil etməyə vəsiqə qazanacaqlar. Bəs, onlar bu vəzifəyə hazırdır?

 

Məsələ bundadır ki, məktəbli təmsilçilərimizi nəinki belə yarışlara hazırlamaq, hətta yarış və müsabiqələrə qatılmasalar belə, sağlam və dünyagörüşlü olmaları üçün Təhsil Nazirliyi son bir neçə ildə ciddi addımlar atıb. 2014-cü ildən başlayaraq, bu istiqamətdə həyata keçirilən islahatlar tamamilə yeniliyə, müasir və sağlam təhsil mühitinin yaradılmasına hesablanıb.

 

İdman liseyləri yaradılır

 

Bu ildən isə bu istiqamətdə daha bir yeniliyə imza atılıb. Bakı şəhərində iki - “Vətən” İdman Liseyi və Bakı şəhəri 1 nömrəli İdman Liseyi yaradılıb. Çoxprofilli fəaliyyətin təmin edilməsi məqsədilə Gəncə şəhər internat tipli futbol təmayüllü gimnaziya “Gəncə şəhər İdman Liseyi” adlandırılıb. Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov deyir ki, dünya təcrübəsinin ən uğurlu layihələrindən olan belə məktəblərin ölkəmizdə də fəaliyyətinin təşkil edilməsi bu sahədə həyata keçirilən islahatların nəticəsidir: “İdman təmayüllü internat tipli idman liseyləri xaricdə çox olsa da, Azərbaycanda ilk dəfə bu təcrübənin sınaqdan çıxarılmasına qərar verilib. Bakıda 2 idman üzrə məktəbdənkənar təhsil müəssisəsi və 2 ümumtəhsil müəssisəsinin bazasında 2 idman liseyi yaratdıq. “Vətən” İdman Liseyində hələlik sadəcə futbol, Bakı şəhər 1 nömrəli İdman Liseyində isə boks, cüdo, qılıncoynatma, badminton idman növləri üzrə məktəblilərin hazırlığı təmin ediləcək. Gəncədəki futbol təmayüllü gimnaziyanın isə adı və formatı dəyişdirilərək, əvəzində idman liseyi yaradılıb. Həmin liseydə istənilən idman növü üzrə hazırlıq aparılacaq. Hələlik birinci il üçün futbol və güləş üzrə hazırlıq nəzərdə tutulub”.

 

Seçim asan olmayacaq

 

Yeni formatlı bu təhsil müəssisələrində təhsil də digər ümumtəhsil müəssisələrindən fərqlənəcək. Belə ki, idman liseylərində şagirdlər adi qaydada təhsil alsalar da, onlar üçün ayrıca idman fənləri üzrə də proqram təsdiq olunub: “Həmin məktəblərdə uşaqlar kurikulum üzrə dərs keçir, sonra peşəkar idmanla məşğul olurlar. Burada şagirdlərin düzgün qidalanması da təmin edilir”.

 

Məktəblilər arasından potensiallı idmançıları üzə çıxarmaq, onların təhsil almaları ilə yanaşı, peşəkar idmançı kimi yetişməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, eyni zamanda, respublikamızda ehtiyat idmançı hazırlığı işini daha təkmil təşkil etmək məqsədilə bölgələrimizdə olan perspektivli idmançılar seçilir: “Mütəxəssislər yerlərdə həm təhsil alıb, həm də idmanla məşğul olmaq istəyən bacarıqlı yeniyetmə və gəncləri həmin məktəblərə cəlb edirlər. Kompleks tədbirləri özündə ehtiva edən bir təhsil müəssisəsi olacaq yeni idman profilli məktəblərin hazırda Nizamnaməsi hazırlanır”.

 

Hilal Salmanovun sözlərinə görə, sözügedən təhsil müəssisələrinə qəbul V sinifdən aparılacaq. Uşaqların marağına uyğun istiqamət üzrə hazırlığı təmin ediləcək. Bunun üçün normativlər qəbul olunacaq. Marağı olan idman növü üzrə sağlamlığı, yaxud bacarığı imkan verməyən uşaqlar bu məktəblərə qəbul edilməyəcəklər:

“Hazırda qəbul qaydaları hazırlanır. Bu məktəblərdə şagirdlərin qarşısında qoyulan əsas şərtlərdən biri idman istiqamətində uğur qazandıqları kimi, akademik göstəricilərinin də yaxşı olmasıdır. Əks halda şagirdlərin həmin təhsil müəssisələrində oxuması sual altına düşə bilər. Bu məktəblərin şagirdlərindən tələb olunan odur ki, həm idmançı kimi yetişməli, həm də müvafiq biliklərə yiyələnməlidirlər”.

 

Sektor müdiri deyib ki, növbəti mərhələdə lisey formatında olan məktəblərin regionlarda da yaradılması planlaşdırılıb.

 

Maddi-texniki baza yaxşılaşdırılır

 

Hilal Salmanovun sözlərinə görə, məktəbləri yaratmaqla işi bitmiş hesab etmək olmaz. Qarşıda duran əsas vəzifələrdən biri də həmin müəssisələrdə maddi-texniki bazanın yaxşılaşdırılmasıdır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, bir neçə müəssisə artıq əsaslı təmir olunub, daha müasir avadanlıqlarla təchiz edilib. Belə ki, “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” tədris idman bazasında 96 çarpayılıq yataqxana, idman sağlamlıq korpusu və amfiteatr var. Burada uşaq və gənclərin idman ustalıqlarının artırılması, idmançıların ölkədaxili və beynəlxalq yarışlara hazırlıq səviyyələrinin yüksəldilməsi üçün təlim-məşqlərin keçirilməsi, onların istirahətlərinin səmərəli təşkili məqsədilə müvafiq şərait yaradılıb. Baza müasir tələblərə cavab verən idman qurğu və avadanlıqlarla təchiz edilib. Həyətyanı ərazidə futbol, basketbol meydançaları da var. Burada düşərgələr təşkil edir, beynəlxalq səviyyəli təlim-məşqlər, yarışlar keçirilir.

 

“TOPs” - dərsdə idmanla məşğul olanlar

 

Təhsil Nazirliyi məktəblərdə idmana marağı artırmaq, şagirdləri sağlam həyat tərzinə alışdırmaq və idman sahəsində məktəblilərin uğurlarım artırmaq üçün bütün imkanlardan yararlanmağa çalışır. Orta məktəblərdə tədris olunan fiziki tərbiyə dərslərinə marağı artırmaq məqsədi ilə icrasına start verilən layihə də dəyərləndirilən fürsətlərdən biri sayıla bilər.

 

Paytaxt məktəblərində 2014-cü ildən həyata keçirilən “TOPs” layihəsinə ilk mərhələdə 3 məktəblə start verilib. 2018-2019-cu tədris ilində məktəblərin sayı 250-yə çatdırılıb. Paytaxt və Bakıətrafı rayonların məktəblərində həyata keçirilən layihənin tezliklə bütün ölkə ərazisində tətbiqi nəzərdə tutulub. Layihə “British Council”, Bədən Tərbiyəsi və İdman Akademiyası, Təhsil Nazirliyi və həmin layihənin lisenziyasını alan “İdman naminə inkişaf’ qeyri-hökumət təşkilatının birgə dəstəyi ilə həyata keçirilir: “Məktəblərdə bir neçə il öncə fiziki tərbiyə dərslərinə maraq azalmışdı. Bu addımla fiziki tərbiyə fənninə sanki təzə nəfəs verildi. Layihə çərçivəsində fənni tədris edən müəllimlərə treninqlər keçilir. Həm müəllimlər, həm də uşaqlarla mütəmadi iş aparılır. Layihə hətta idman zalı olmayan məktəblərdə belə, uşaqların sinifdə fiziki tərbiyə ilə məşğul olmasına və bunu çox maraqlı şəkildə icra etməsinə imkan verir. Hilal Salmanovun sözlərinə görə, növbəti illərdə nəinki layihəyə qoşulan məktəblərin sayı artırılacaq, layihənin tərəfdaşlarından olan Bədən Tərbiyəsi və İdman Akademiyasında Treninq Mərkəzi yaratmaq da planlaşdırılıb. Bu mərkəz layihənin bütün məktəblərdə tətbiqində müstəsna rol oynayacaq. Belə ki, fənn müəllimləri həmin Treninq Mərkəzində treninq keçəcək, uğurlu nəticə əldə edənlərə sertifikatlar təqdim olunacaq və onlar yerlərdə dərsin tədrisinə başlayacaqlar. Nəticədə layihə tədricən bütün ölkə ərazisində tətbiq ediləcək və pilot olmayacaq”.

 

Şagirdlər dərsdən sonra

 

Yeniliklər maraqlı və cəlbedici olsa da, paytaxtın və ölkənin əksər yerlərində məktəblilər idmanla dərsdən sonra məşğul olur. Bunun üçün onlara təklif edilən fürsət daha çoxdur. Bu da təbiidir. Dərsdən sonra şagirdlərin asudə vaxtını səmərəli keçirməsi önəmlidir.

 

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində idmanın 28 növü inkişaf etdirilir, 60 mindən çox idmançı müxtəlif idman növü ilə məşğul olur.

 

Həmin məktəbdənkənar təhsil müəssisələrindən biri - “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlan Uşaq-Gənclər İdman Məktəbində qızğın məşq prosesi gedir.

 

Burada 5 idman növü üzrə 40 məşqçi-müəllim fəaliyyət göstərir. Hər biri də öz sahəsinin ustasıdır. Məktəbə Karate üzrə Əməkdar məşqçi, Əməkdar idman xadimi, karate üzrə 6-cı dan qara kəmər ustası Elçin Mehdizadə rəhbərlik edir.

 

Bu idman məktəbinin əhatə etdiyi idmançıların tərkibinə nəzər salsaq, 10 yaşlı məktəbliyə də rast gəlmək olar, yüksək idman ustalığına namizədlərə də.

 

Zallardan birində məhz yüksək idman ustalığı qruplarından biri məşq edir. Məşqçi Əbülfət Qarayev deyir ki, karate üzrə yüksək idman ustalığı qrupları 4 idmançıdan təşkil olunur. Onlar qətiyyətlə respublika çempionatına hazırlaşırlar. Bu qrupda olanlar respublikanın yığma komandasının üzvləri, yüksək idman ustalığına namizəddirlər.

 

İdmandakı nailiyyəti onlara tələbəliyi qazandırdı

 

Növbəti zalda isə idmanla məşğul olub döyüş meydanlarından qalib ayrılmağın qazandırdığı üstünlüyün real şahidlərinin məşq prosesi gedir.

 

Məhəmməd Məmmədov və Ceyhun İsmayılov yüksək idman ustalığı qruplarında olmasalar da, karate üzrə ustalığa iddialıdırlar. İkisi də gələcəyini idmandan ayrı görmür. Hər ikisi dünya çempionatında birinci yeri tutub. Həmin qələbələri isə onlara tələbə statusu qazandırıb. Məhəmməd deyir ki, öz cəhdi uğursuz olsa da, idmanda qələbəsi ona tələbəlik sevincini daddırıb: “2018-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etdim və yetərli bal toplaya bilmədiyim üçün ali məktəbə qəbul olunmadım. Sonradan zəng edib dünya çempionatında qazandığım nailiyyətə görə Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunduğumu bildirdilər. İdmandakı nailiyyətim sayəsində özümün də xəbərim olmadan tələbə oldum. Peşəkar idmançı kimi karate ilə məşğul olmağa davam edirəm. Hədəfim olimpiya, Avropa və dünya çempionu olmaqdır”.

 

Ceyhun isə artıq üçqat respublika çempionudur: “Hazırda dördüncüyə hazırlaşıram. İkiqat dünya çempionuyam. Avropa çempionatından da medalla qayıtmışam. İdmanda yüksəlmək istəyirəm. Hesab edirəm ki, bundan sonra daha böyük nailiyyətlər əldə edəcəyəm”.

 

Məktəbli çempionlar

 

Hüseyn Məmmədli isə hələ məktəblidir. Özü də dünya çempionu. O, hələ 157 nömrəli məktəbin şagirdidir. X sinifdə oxuyur. Daxili Qoşunlarda xidmət etmək istəyir.

 

Rüfət İsgəndərov isə 193 nömrəli məktəbin XI sinif şagirdidir. Respublika və dünya çempionudur. İdman ustası olmağı planlaşdırıb.

 

Qədir Əsgərli isə taekvandoçudur. Artıq 4 ildir bu idman növü ilə məşğul olur. Ölkə səviyyəli müxtəlif yarışlarda yer tutan Qədir 54 nömrəli məktəbin X sinif şagirdidir. Məktəbdə də yaxşı oxuyur. Ancaq gələcək karyerasını idmanla bağlamaq, bayrağımızı dünya, Avropa, olimpiya çempionatlarında dalğalandırmaq niyyətindədir.

 

“Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlan Uşaq-Gənclər İdman Məktəbində 10-12 yaşlı idmançılann arasında balaca bir qız da var. Balaca döyüşçülər cəmi 2 ildir burada təlim-məşq keçirlər. Yaşlannm azlığına baxmayaraq, artıq yanşlarda nailiyyətlər qazanıblar.

 

Bahar Bikova isə 13 yaşındadır. Əltopu idman növü ilə artıq 4 ildir məşğul olur. Məktəbindən çox razıdır.

 

Həndbolçu oğlanlann məşqçisi Rövşən Hüseynov özü də bu məktəbin yetirməsidir. Deyir ki, həndbol üzrə 30-dan çox idmançı məşğul olur: “Məktəbin, həm də mənim yetirmələrim respublika səviyyəli yanşlarda iştirak edirlər, əksəriyyəti yığma komandanın üzvləridir. Aralannda Bakı, ölkə birinciləri, Gürcüstan mükafatçısı var. Hələ bu harasıdır? Uğurlanmız bundan da çox olacaq”.

 

Məktəbin direktoru Elçin Mehdizadə məlumat verir ki, digər iki idman növü - sambo və cüdo üzrə məşqləri məktəbdə təmin etmək mümkün olmayıb: “Bu idman növləri üzrə yaxşı məşqçi-müəllimlərimiz var. Ancaq onlar məşğələləri başqa yerlərdə keçirlər. Özünün xüsusi zalı olan müəllimlər də var, ümumtəhsil müəssisələrinin zalından istifadə edənlər də”.

 

Direktorun sözlərinə görə, hələlik həmin idman növləri üzrə şərait qurmaq mümkün olmasa da, sambo və cüdo ilə məşğul olmaq istəyən məktəblilər üçün lazım olan şəraiti yarada bilirlər.

 

Məktəbin ümumilikdə 800-ə yaxın idmançısı var. Onların əksəriyyəti şagirdlərdir. E.Mehdizadənin sözlərinə görə, bu məktəbdə tələbə idmançıya yüksək idman ustalığı və idman təkmilləşməsi qruplarında rast gəlmək olar: “Burada tərkib o qədər müxtəlifdir ki. Məsələn, peşəkar idmançı olmaq istəyənlər də var, idman məktəbini, sadəcə sağlam yaşamaq üçün seçənlər də”.

 

Bu qərar şagird və valideynlərin də marağını artıracaq

 

Həm məktəbdə, hətta dərsdə, həm məktəbdən kənarda idmanla məşğul olmaq istəyən şagirdlərə şərait yaratmağa çalışan, bu məqsədinə çatmaq üçün başqa qurumların da imkanlarından faydalanan Təhsil Nazirliyi bu ildən daha bir addımla məktəbliləri də, məktəbləri də idmana bağlamağı hədəfləyib. Nazirliyin sektor müdiri Hilal Salmanov məktəbdənkənar fəaliyyətin məktəblərin reytinqinə təsir imkanlarını artıran qərarı xatırladıb:

“4 təşkilat arasında 4 idman növü üzrə keçirilən məktəblər arasında respublika çempionatında şagirdlərin göstəriciləri məktəblərin qiymətləndirilməsi zamanı nəzərə alınacaq. Birinci il olduğundan ancaq 4 idman növü üzrə keçirilən yarışlar üzrə nəticələr hesablanacaq. Gələcəkdə bu sahəyə marağın artırılması məqsədi ilə idman növlərinin sayı artırılacaq. Siyahıya olimpiya növləri ilə yanaşı, qeyri-olimpiya növləri də daxil ediləcək. Sadəcə idmanla bağlı deyil, yaradıcılıq istiqaməti üzrə də istedadı olan şagirdlərin nəticələri nəzərə alınacaq”.

 

“Bununla məktəbdənkənar fəaliyyət təbliğ edilir”, - deyən Nazirlik rəsmisinin sözlərinə görə, məktəbdənkənar fəaliyyətin məktəbin nəticələrinə təsir edən meyarlardan olması, sadəcə məktəbin deyil, şagirdlərin və valideynlərin də marağını artıracaq.

 

Nəhayət, son dövrlərdə ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq idman tədbirlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək məqsədilə kütləvi idman tədbirləri keçirilib. I Avropa Oyunlarının, “Formula-1” Qran Pri yarışı, Ümumdünya Şahmat Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının, Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirlərinə 100 minlərlə məktəbli qatılıb: “Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman yarışında qaliblərə velosiped verildi. Təsəvvür edin ki, necə böyük sevincə səbəb oldu”.

 

Yarışların keçirilməsində ölkədə fəaliyyət göstərən ayrı-ayrı idman növləri üzrə federasiyalar və digər idman təşkilatlan ilə əməkdaşlıq edilir. Bu əməkdaşlıq yarışların yaxşı keçirilməsi, eyni zamanda həmin qurumların da uşaqlan qiymətləndirməsi Təhsil Nazirliyini məqsədə daha çox yaxınlaşdırır.

 

Ruhiyyə Daşsalahlı