Dərsin bu mərhələsi şagirdləri düşünməyə təhrik elməlidir


Müasir dərs bir çox tələblərə cavab verməlidir. Bu tələblərdən biri, bəlkə də, birincisi dərsin mərhələlərinin düzgün həyata keçirilməsidir. Bu baxımdan dərsin birinci mərhələsinin, yəni motivasiyanın düzgün qurulmasının xüsusi əhəmiyyəti var.

 

Motivasiya təlim prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən bir prosesdir. Motivasiya hər hansı bir fəaliyyətin mexanizmini işə salan qüvvədir. Əslində, fəal dərs və ya dərsin fəallığı elə motivasiyadan başlanır. Dərsin sonrakı mərhələlərinin gedişində də motivasiya böyük rol oynayır. Belə ki, bütün dərslər müəyyən bir məqsəd üzərində qurulur. Bütövlükdə dərs prosesi bu məqsədə nail olmağa xidmət edir.

 

Tədqiqat sualına cavab tapmaq üçün aparılan işlər qarşıya qoyulmuş məqsədin əldə olunmasına yönəlir. Tədqiqat sualı isə motivasiyanın əsasında meydana çıxır. Deməli, motivasiya məqsədə doğru atılmış ilk addımdır. Bəs motivasiyanı necə qurmaq lazımdır? Yeri gəlmişkən qeyd edək ki, bir çox müəllimlər növbəti dərsə hazırlaşarkən bu sualla qarşılaşırlar. Fikrimizcə, motivasiya qurarkən müxtəlif üsullardan ustifadə etmək olar. Məsələn, kiçik bir hadisəni nağıl etmək, şəkillər göstərmək, videosüjet nümayiş etdirmək, hər hansı bir anlayışla bağlı suallar vermək və s. Lakin hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq, motivasiya şagirdləri düşünməyə təhrik etməli, onların idrak fəallığının artırılmasına səbəb olmalıdır. Bu mərhələdə mövzu haqqında ilkin biliklər müəyyənləşdirilməlidir.

 

Bəzən müəllimlər motivasiya qurarkən yalnız hansısa mövzuya dair suallar verməklə kifayətlənirlər. Belə motivasiya qurmaq olar. Lakin bu zaman şagirdlərdə mövzuya güclü maraq oyanmır. Daha yaxşı olar ki, müxtəlif sxemlərdən, şəkillərdən istifadə edilsin. Çünki motivasiyanm cəlb-ediciliyi, qeyri-adiliyi şagirdlərdə mövzuya maraq oyadır və diqqətin tamamilə dərsə yönəlməsinə səbəb olur.

 

Məsələn, “Vətən” mövzusunda keçilən dərslərdə müəllimlər, adətən, müxtəlif təbiət mənzərələrini göstərir və şagirdlərdən “Vətənimizin gözəl təbiəti var”, “Bunun qədrini bilmək lazımdır”, “Vətəni qorumaq gərəkdir” kimi fikirləri alırlar. Amma bu motivasiyanı aşağıdakı kimi genişləndirsək, daha maraqlı olar. Neft buruqlan, pambıq tarlaları, qızıl və kömür mədənləri, üzüm bağları əks olunmuş lövhələri də şagirdlərə göstərib vətənimizin yeraltı və yerüstü sərvətlərlə zəngin olması və düşmənlərimizin də məhz bu səbəblərdən yurdumuza göz dikməsi barədə fikirlərin alınmasına asanlıqla nail olmaq olar.

 

Motivasiyanin düzgün qavranılmasmda verilən sualların xüsusi rolu var. Motivasiya zamanı qapalı suallardan istifadə etmək olmaz. Sual seçilərkən 2 və ya daha çox cavabı olan suallara üstünlük vermək lazımdır ki, şagirdlər müxtəlif fərziyyələr irəli sürsünlər. Bu zaman sinifdə mübahisə yaranacaq və bu da dərsi daha maraqlı edəcəkdir. Təbiidir ki, şagirdlərə “bu nədir?”, “bu kimdir?” tipli suallarla müraciət etsək, onlar konkret cavab verəcək, fikir müxtəlifliyi yaranmayacaq. Lakin “Göstərilən əşyalardan hansı məqsədlər üçün istifadə olunur?”, “Həmin şəxsin hansı xidmətləri olmuşdur?” sualları şagirdləri düşünməyə vadar edəcəkdir. Əgər Üzeyir Hacıbəyli haqqında mətn keçiləcəksə, dahi bəstəkarın şəklini göstərib “Bu kimin şəklidir ?” deməkdənsə, “Azərbaycan Respublikasının Dövlət himninin müəllifləri barədə nə bilirsiniz?” sualı ilə motivasiyaya başlamaq daha düzgün olar.

 

“Eyniköklü sözlər” mövzusunu keçərkən şagird-lərə müxtəlif şəkillər göstərmək olar. Bu şəkillərdə güllük, gülü güldana qoyan şəxs təsvir olunarsa, şagirdlər bu şəkillərdəki anlayışların hər birinin güllə bağlı olduğunu asanlıqla anlayacaqdır. Yaxşı olar ki, bu şəkillər haqqında şagirdlərin fikirlərini aldıqdan sonra sinfə belə bir tapşırıq verilsin: “Gül sözündən istifadə edərək suallara cavab verib cümləni qurun. (Kim?) gülü (haradan?)dərib (nəyə?) qoydu. Təbiidir ki, şagirdlər nəyə sualına cavab olaraq güldana sözünü yazacaqlar. Lakin onların çoxu kim sualının cavabına “bağban”, haradan sualının cavabına “bağçadan” sözlərini də yaza bilərlər. Bu zaman müəllim “gül” ismindən istifadə etməyi bir daha onlara xatırlatmalı, düzgün istiqamət verərək “gülçü” və “güllükdən” sözlərinin alınmasına müvəffəq olmalıdır. Nəticədə bu sözlərin üçünün də eyni kökdən yaranması meydana çıxır ki, bu da artıq mövzunun “Eyniköklü sözlər” olduğundan xəbər verir.

 

Motivasiya şagirdi ona tanış olan anlayışın indiyədək diqqət yetirmədiyi xüsusiyyətləri haqqında düşünməyə sövq edir. Bəzən müəllim sinfin qarşısına çıxardığı hər hansı bir material haqqında birbaşa özü məlumat verir, bu isə şagirdlərdə fəallıq yaratmır. Müasir təlimdə şagirdləri passiv dinləyici vəziyyətində saxlamaq yolverilməz haldır.

 

Motivasiya zamanı meydana çıxan tədqiqat sualının müəyyənləşdirilməsində şagird fəallığı mühüm rol oynayır. Tədqiqat sualının şagirdlərin özləri tərəfindən müəyyənləşdirilməsi elə motivasiyanın səmərəli olmasından xəbər verir. Məsələn, “Feili sifət” mövzusu üçün belə bir motivasiya qurmaq olar: Əvvəl feilin təsriflənən və təsriflənməyən formalarına dair ümumi biliklər sual-cavab vasitəsilə yada salındıqdan sonra feili sifətdə feilin və sifətin əlamətlərini göstərən sxem şagirdlərə təqdim edilir.

 

Şagirdlər əvvəlki dərslərdən feilin təsriflənməyən formalarından birinin feili sifət olduğunu bilirlər. Ona görə də onlar sxemi görən kimi feili sifətdən söhbət getdiyini anlayırlar. Sxemin köməyi ilə feili sifətin həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıdığını şagirdlərə asanlıqla çatdırmaq mümkündür. Bu zaman şagirdlər özləri artıq belə bir tədqiqat sualını müəyyənləşdirmiş olacaqlar: “Feili sifət hansı xüsusiyyətlərə malikdir?”. Çünki düzgün qurulmuş motivasiya özü şagirdi öyrənməli olduğuna istiqamətləndirir. Müəllim fasilitatorluq vəzifəsini yerinə yetirərək tədqiqat sualının bir qədər də genişləndirilməsinə nail ola bilər: “Feili sifətin feillə və sifətlə hansı ortaq xüsusiyyətləri var?”. Təbiidir ki, bu dərsin sonrakı mərhələlərində mütləq Venn diaqramından istifadə olunacaqdır.

 

Motivasiyada şagirdlərin qarşısına elə detallar çıxarmaq lazımdır ki, onlar bu haqda hər hansı bir anlayışa malik olsunlar. Bu baxımdan qarşıya qoyulan problem sinfin yaş imkanlarına və inkişaf səviyyəsinə uyğun seçilməlidir.

 

Ümumiyyətlə, dərsin başqa mərhələlərində olduğu kimi, motivasiya mərhələsində də rəngarənglikdən istifadə etmək müəllimin işə yaradıcı yanaşmasının məhsulu kimi meydana çıxır. Bir sözlə, düzgün qurulmuş motivasiya qarşıdakı problemin nədən ibarət olduğunu ətraflı dərk etməyin, həmin problemin həlletmə yollarının düzgün tapılmasının təminatçısına çevrilir.

 

Günay ƏsgƏərova,

Kürdəmir şəhər 2 nömrəli tam orta məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi