İKT-nin cəmiyyət həyatının bütün sahələrinə sürətlə tətbiqi hər hansı bir məsələ və ya mövzu ilə bağlı fikirlərin auditoriyaya çatdırılması formasına da yeniliklər gətirib. İndi bu məqsədlə təkcə ənənəvi məruzə və ya mühazirələrdən istifadə etmirlər. Müvafiq görüntülərlə (şəkil, qrafik, videoçarxlar) müşayiət olunan təqdimatlar onları üstələyib.

 

İndi onlardan hər yerdə - adi məktəb tədbirindən tutmuş böyük seminarlara, konfranslaradək, demək olar ki, bütün tədbirlərdə istifadə olunur. Təqdimatlar məktəblərə, tədris prosesinə də çoxdan ayaq açıb-fəal, interaktiv dərsin mühüm elementinə çevrilib. Hazırda müəllimlərin əksəriyyəti təqdimatdan dərsin “tədqiqatın aparılması”, “şagirdlərin müstəqil işi” və digər mərhələlərində metodik üsul kimi geniş istifadə edirlər. Çünki təqdimatlar şagirdlərdə axtarma, araşdırma aparma, ümumiləşdirmə, sistemləşdirmə, yerinə yetirilmiş tapşırığı daha maraqlı formada çatdırma kimi bacarıq və qabiliyyətlərini inkişaf etdirir. O, həm də şagirdlərin bir natiq kimi formalaşmasına, ədəbi dilin normalarına uyğun nitqə yiyələnmələrinə kömək edir. Lakin müşahidələr göstərir ki, məktəblilərin bir çoxu təqdimatların hazırlanması qaydasını, bu zaman nələrə xüsusu diqqət yetirməli olduqlarını bilmirlər. Bunları nəzərə alıb təqdimat hazırlanarkən nəzərə alınması bəzi məsələləri diqqətə çatdırmağı lazım bilirik.

 

Təqdimat hazırlayarkən nələrə diqqət yetirməli

 

- Təqdimatın əvvəlində öncə dinləyiciləri salamlamaq, özünü təqdim etmək və təqdimatın mövzusunu diqqətə çatdırmaq lazımdır.

- Təqdimatın mətnində daha çox sadə cümlələrdən istifadə etmək məsləhətdir. Cümlələrin anlaşıqlı, yığcam və təsirli olmasına xüsusi fikir verilməlidir.

- Əlbəttə, təqdimatın dizaynı xüsusilə əhəmiyyətlidir. Təqdimatda müxtəlif tipli informasiyalara yer verilir. Bu informasiyalara mətn, şəkillər, qrafik təsvirlər, animasiyalar, videoçarxlar, videoffaqmentlər və s. daxildir. Bu informasiyaların da hər birinin özünəməxsus xüsusiyyəti var. Hər bir informasiyanın xüsusiyyəti nəzərə alınmalıdır. Məsələn, dinləyiciləri çoxrəngliliklə yormamalı (adətən 2-3 rəngdən artıq olmamalıdır), təqdimatın açıq rəngdə, mətndəki yazılı informasiyanın isə tünd rəngdə verilməsinə diqqət yetirilməlidir. Bir sözlə, əlavə edilən bütün vasitələr təqdimatın mövzusuna uyğun olmalıdır.

- Təqdimat zamanı istifadə edilən mənbələri sonda qeyd etmək gərəkdir.

- Təqdimatın mətninin strukturuna əhəmiyyət vermək lazımdır. Başlıqlar mətnin digər hissələrindən fərqləndirilməli, mətn giriş, əsas və nəticə olmaqla üç hissədən ibarət təqdim edilməlidir. Məhz bu ardıcıllıqla mövzunun məzmununun təqdim edilməsi dinləyicilərdə ona qarşı diqqət və maraq yaradır.

- Təqdimat vaxtı, əsasən, üç məqama xüsusi fikir verilməlidir:

1.  Auditoriyanın diqqətini cəlb etmək;

2.  Təqdim edilən mövzunun məqsəd və məramını, predmetini açıqlamaq;

3.  Mövzunun məzmununu mətnin strukturuna uyğun olaraq diqqətə çatdırmaq.

 

Qeyd edək ki, səs tonu, təqdimat zamanı dinləyicilərin gözlərinə baxmaq da verilən tələblərdəndir. Bu zaman dinləyicilərə tərəf arxa çevirmək olmaz. Təqdimata öncədən hazırlaşmaq lazımdır. Sonda təqdimatdan əldə edilən nəticə bir daha xatırlanmalı, dinləyicilərə təşəkkür edilməlidir.

 

Qeydlərimizin sonunda məktəblilərdən biri tərəfindən hazırlanan təqdimat nümunəsini təqdim edirik.

 

Təqdimat nümunəsi

Salam, dostlar.

Mən - Həsənzadə Əfruzə Sabit qızı.

Mənim bugünkü təqdimatım Abbasqulu ağa Bakıxanov haqqındadır. Mən bu təqdimatımda Abbasqulu ağa Bakıxanovun həm ictimai-siyasi xadim, həm də yazıçı və alim kimi fəaliyyətini araşdırmışam.

 

Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini Bakıda və Qubada almış, ərəb, fars dillərini dərindən öyrənmişdir. O, görkəmli yazıçı olmaqla bərabər, ictimai-siyasi fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, Abbasqulu bəy 1819-cu ildə Tiflisə getmiş, Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuşdur. 26 il bu vəzifədə çalışdığı müddətdə dövrünün görkəmli şəxsiyyətləri A.S.Qriboyedov, F.Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə yaxından dostluq əlaqələri qurmuşdur. Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş, 1833 - 1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur. 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı “Gülüstan” adlı ədəbi məclis yaratmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov

 

Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.

 

Abbasqulu ağa Bakıxanov, qeyd etdiyim kimi, həm də çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. Bədii əsərləri arasında “Riyazül - Qüds”, “Mişkatül - ənvar” adlı poeması, “Qüdsi” təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobioqrafik şeirləri, mənzum hekayələri, təmsilləri vardır.

 

O, Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir. O, “Qanuni-Qüdsi”, “Kəşfül-Qəraib”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynəl - mizan”, “Gülüstani - İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanmışdır.

 

“Qanuni-Qüdsi” əsəri fars dilinin qrammatikasından, “Kəşfül-Qəraib” əsəri Amerikanın Xristofor Kolumb (1451-1506) tərəfindən kəşf olunmasından, “Əsrarül - mələküt” əsəri kainatın quruluşu və vəziyyətindən bəhs edir. “Təhzibül - əxlaq” əsərində müəllif pedaqogika və psixologiyaya aid elmi və nəzəri məsələlərə öz münasibətini bildirmişdir. “Eynəl-mizan” əsəri onun məntiq elmindən bəhs edən əsəridir.

 

“Gülüstani-İrəm” əsərindən bir fraqment

 

Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz, uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan bu əsər Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəri hesab olunur. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu Şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə etmişdir.

 

Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən, islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan müqavilələrə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.

Göründüyü kimi, Bakıxanov nəinki ictimai həyatda, eləcə də bədii yaradıcılıq və elm sahəsində də səmərəli fəaliyyət göstərmiş, xalqına yorulmadan xidmət etmişdir.

Diqqətinizə görə minnətdaram.

 

İstifadə olunmuş mənbələr:

1. https:az.wikipedia.orgwikiAbbasqulu_a%C4%9Fa_Bak%C4%Blxanov

2. http:portal.azertag.azaznode2039

3. http :bao. azcategories_T arixsubcategories_tarixi-sexsiyyetlerproduct_4128149011

 

Əli QULİYEV