Noyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

 

Universitetin prorektorlarının, professor və müəllim heyətinin, eləcə də tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və Konstitusiyanın qəbul olunmasının əhəmiyyətindən danışıb.

 

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov Konstitusiyanın qəbul olunma tarixindən və onun yaranmasını şərtləndirən tarixi səbəblərdən söz açıb. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının referendum yolu ilə qəbul olunduğunu qeyd edən prorektor ali hüquqi qüvvəyə malik Əsas qanunun Azərbaycanın sayca 4-cü Konstitusiyası olduğunu vurğulayıb.

 

İctimai-siyasi həyatda konstitusiyanın həlledici rolundan danışan ADNSU-nun “İctimai fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev çıxışında ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm roldan, həmçinin Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən söz açıb.

 

ADNSU-nun “Azərbaycan dili” kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən filologiya elmləri doktoru, professor Rüstəm Kamal  Konstitusiyadan irəli gələn hüquq və azadlıqlardan, həmçinin Azərbaycan dilinin Konstitusiyadakı yerindən və önəmindən danışıb.