Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Xalq şairi, dramaturq, filologiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə ilə görüş keçirilib.

 

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov görüşü açaraq vətənpərvər ziyalı, tanınmış ictimai-siyasi xadim Nəriman Həsənzadənin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki,  N.Həsənzadənin əsərlərində xalqın həyatı, ruhu, mənəviyyatı, düşüncələri dolğun əks olunub. Şairin Azərbaycan ədəbiyyatında xüsusi yeri, mövqeyi, yaradıcılıq dəst-xətti var. O, böyük zəhmət və çətinliklərlə dolu, lakin mənalı və şərəfli bir ömür yolu keçib, cəmiyyətdə öz layiqli yerini tapa bilib. Görkəmli şair, əsl ziyalı, təcrübəli müəllim-alimdir. Onun keşməkeşli və mənalı həyat yolu gənclik üçün layiqli örnəkdir.

 

N.Həsənzadə görüşün keçirilməsinə görə universitetin rəhbərliyinə təşəkkür edib. Sonra şair tələbələrə keçdiyi həyat yolundan, bədii yaradıcılığından danışıb, onların müxtəlif suallarını cavablandırıb, şeirlərini söyləyib.

 

Cənubi Azərbaycandan olan tanınmış şair, “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru Hüseyn Şərqi görüşdə iştirak etməsindən məmnunluq duyduğunu bildirib və şairə ən xoş arzularını ifadə edib.

 

Görüşdə tələbə-gənclər musiqi sədaları altında N.Həsənzadənin şeirlərini səsləndiriblər.

 

Sonda xatirə şəkli çəkdirilib.