Tədbir çərçivəsində Atırau Neft və Qaz Universiteti ilə SDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb


Noyabrın 15-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə birgə “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfransda  respublikamızda fəaliyyət göstərən alim və mütəxəssislərlə yanaşı xarici ölkələrin –Türkiyə, Qazaxıstan, Rusiya Federasiyasının bir sıra nüfuzlu ali məktəblərinin alimləri iştirak ediblər.

 

Konfransın plenar iclasını SDU-nun rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor Elxan Hüseynov açaraq  ali məktəbin yaranma tarixi,  fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib.  Qeyd edib ki, davamlı olaraq universitetdə beynəlxalq, respublika səviyyəli konfranslar keçirilir, bu da ikitərəfli münasibətlərin inkişafına böyük töhfələr verir. Sumqayıt Dövlət Universitetinin professor-müəllim, tələbə heyəti dünyanın bir çox nüfuzlu ali məktəblərində layiqincə təmsil olunur, təcrübə keçir. Əldə olunan uğurlar beynəlxalq səviyyədə keçirilən konfranslarda maraqla qarşılanır.

 

Rektor çıxışında Azərbaycanın dövlət müstəqilliyini qazanmasından keçən illər ərzində respublikamızın həyatının bütün sahələrində, xüsusən də təhsildə böyük uğurların əldə edildiyini diqqətə çatdırıb. Bildirib ki, Sumqayıt Dövlət Universiteti 55 il ərzində şərəfli inkişaf yolu keçib. Bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müxtəlif profilli yüksək ixtisaslı  kadrlarının hazırlanması, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Rektor ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Müasir dövr üçün aktual mövzuya həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən bəhs edən rektor  qeyd edib ki, informasiya sistemləri və texnologiyaları (İKT) əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsi çox  vacibdir. Cünki sürətlə yeniləşmə, modernləşmə və yeni intellektual nəslin formalaşması üçün daha böyük imkanlar yaradılıb.   Dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərin geniş yayılması şəffaflığı şərtləndirən başlıca cəhətlərdən biridir. Artıq Sumqayıt Dövlət Universitetində də tədris elektronlaşıb, universitetin elektronlaşması istiqamətində ciddi işlər aparılır.

 

İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək ölkəmizdə informasiya cəmiyyəti quruculuğu istiqamətində aparılan işlər, həyata keçirilən islahatlar və tədbirlərdən bəhs edib. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan  söz açan dosent R. Ələkbərov bildirib ki, sənədin əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, davamlı və dayanıqlı tərəqqinin təmin edilməsində iqtisadi sektor kimi İKT-nin rolunun artırılması, o cümlədən rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, biliklər iqtisadiyyatına keçidin təmin olunmasını reallaşdırmaqdır.

 

Azərbaycan Texniki Universitetinin prorektoru, professor İlham Pirməmmədov  yüksək səviyyədə təşkil edilən konfransın  Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd edib, gələcəkdə səmərəli elmi axtarışların aparılması, innovativ elmi nəticələrin əldə olunması baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini vurğulayıb.

 

Konfransda Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyanın Rusiya tərəfdən həmsədri, akademik Ramil Baxtizinin  konfransa ünvanladığı təbrik məktubu oxunub.

 

Beynəlxalq Elmi konfrans çərçivəsində Atırau Neft və Qaz Universiteti ilə Sumqayıt Dövlət Universiteti təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Eyni zamanda SDU-nun Fizika və elektroenergetika fakültəsinin “Elektromexanika” kafedrasının müdiri, dosent Turqay Hüseynov Atırau Neft və Qaz Universitetinin “İstehsalatın avtomatlaşdırılması və informasiya texnologiyaları” kafedrasının müdiri, dosent Şınar Kodanova ilə kafedralar arasında əlaqələrin qurulması istiqamətində memorandum imzalayıblar.

 

AMEA -nın müxbir üzvü Ağasi Məlikov “Ehtiyatların idarə edilməsi  sistemlərində kütləvi xidmət modellərinin tətbiqi: problemin vəziyyəti və inkişaf perspektivləri”, Atırau Neft və Qaz İnstitutunun professoru Akmaral Jalqasbayeva “Qazaxıstan Respublikasında İnformasiya texnologiyaları (İT) sahəsi üzrə kadr hazırlığının vəziyyəti və problemləri”, Ufa Dövlət Aviasiya Texniki Universitetinin professoru Mixayıl Verxoturov “Qeyri-qabarıq obyektlərin davamsız yerləşdirilməsinin optimallaşdırma məsələləri: No Fit Polyhedronun obyekt və diskret məkanlarında qurulmasının xüsusiyyətləri”, SDU-nun “Proseslərin avtomatlaşdırılması” kafedrasının müdiri,  professor Cavanşir Məmmədov “Ali təhsil müəssisəsinin  texnoparkının idarəetmə bölmələrinin sistemotexniki layihələndirmə mərhələsində modelləşdirmə alətlərinin  təşkili” mövzularında   məruzə  ediblər. Məruzələr ətrafında  diskussiyalar aparılıb.

 

Konfrans işini iki gün ərzində altı bölmə üzrə davam etdirəcək.

 

Qeyd edək ki, konfransa 300-dən çox tezis qəbul edilib və konfrans materialları toplu şəklində nəşr olunub.