İnklüziv siniflər daha uğurlu təlim və tədris nəticələri nümayiş etdirir


“Qızım 3 ildir ki, inklüziv məktəbdə təhsil alır. Hazırda ümumtəhsil məktəbinin 4-cü sinfində oxuyur. Məktəbdən əvvəl düşünürdüm  ki, övladım əlilliyinə görə təhsil ala bilməyəcək. Bu fikir məni və ailəmi ciddi narahat edirdi. Çünki övladımın həyatı boyu cəmiyyətdən kənarda qalmaq qorxusu vardı. Onun məktəbə getməsi bizi çox sevindirdi. Bu, uşağımızın gələcəyi ilə bağlı ümidlərimizi artırdı, tamamilə fərqli arzu və gözləntilər yaratdı. Əminəm ki, mənimlə çox valideyn razılaşar ki, əlilliyi olan uşaqların ev şəraitində yaşaması və cəmiyyətdən gizlədilməsi həm uşaq, həm də ailə üzvlərində daimi gərginlik yaradır, ümidsizliyə yol açır. Halbuki övladım məktəbə gedərkən dostlar qazandı, hamı ilə birgə təhsil almaq şansı əldə etdi. Qızımız üçün bu, möcüzə oldu. Hər bir ana kimi mən də istəyirəm ki, balam xoşbəxt olsun və cəmiyyətdə öz layiqli yerini tutsun. Ən böyük arzum əlilliyi olan hər bir uşağın inklüziv təhsil imkanından yararlanaraq  cəmiyyətin fəal üzvünə çevrilməsidir. Qoy, heç bir uşaq əlilliyinə görə təhsildən, cəmiyyətdən kənarda qalmasın!”.

 

Bu, sağlamlıq imkanı məhdud uşaq böyütməkdə olan bir ananın arzusudur. İnklüziv təhsili ailəsi və uşağı üçün “möcüzə” adlandıran Sevinc Fətullayeva onun kimi yüzlərlə, minlərlə ananın da bu xoşbəxtliyi yaşamasını istəyir.

 

Arzular gerçəkləşir

 

Belə anaların arzularını gerçəkləşdirəcək bir layihəyə start verilib. Bu günlərdə təqdimatı keçirilən həmin layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Söhbət Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (YUNİSEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsindən gedir. Həmin layihə ki, məqsədi sağlamlıq imkanları məhdud uşaqlara ümumtəhsil məktəblərində keyfiyyətli təhsil almaq üçün əlverişli mühitin yaradılması, həmin qrupdan olan uşaqlara qarşı mənfi fikir və münasibətlərin aradan qaldırılmasıdır.

 

İnklüziv təhsil - ən doğru yanaşma

 

“İnklüziv təhsil mənim üçün nədir?” sualının cavabında hər kəsin özünəməxsus fikri ola bilər. Hər kəs onun üçün inklüziv təhsilin nə demək olduğunu müxtəlif prizmalardan izah edər. İnklüziv təhsilin hər birimiz üçün nə ifadə etdiyini anlamazdan öncə, gəlin görək, bu məfhum ümumilikdə nəyi ifadə edir?

 

“İnklüziv təhsil” sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər şəkildə keyfiyyətli təhsilə cəlb olunmasıdır. Bu, fasiləsiz prosesdir və bütün təhsilalanların ehtiyaclarına cavab verə bilməsi üçün təhsil mədəniyyəti, təhsil siyasəti və təhsil təcrübəsinin təkmilləşdirilməsini, yeri gələndə yenidən qurulmasını tələb edir. İnklüziv təhsil uşaqların cəmiyyətdən təcrid olunmasının, cəmiyyətdə davamlı olaraq ayrı-seçkiliyə məruz qalmasının aradan qaldırılması üçün ən təsirli vasitələrdən biridir. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına əsasən, əlilliyi olan uşaqların təhsil hüququ tam təmin olunmalıdır. Bunun üçün ən doğru yanaşma məhz inklüziv təhsildir.

 

YUNİSEF-in Təhsil Proqramının rəhbəri Leyla Həsənova hesab edir ki, inklüziv təhsil üçün bir çox zəruri şərtlər - müvafiq normativ baza, müəllim hazırlığı, dəstək mexanizmlərinin yaradılması, erkən müdaxilə, infrastrukturun uyğunlaşdırılması, nəhayət, ən mühüm məsələlərdən biri, ictimai məlumatlılığın artırılması təmin olunmalıdır: “İctimai məlumatlılığın artırılması”, - dedikdə cəmiyyətdə mövcud olan yanaşmalar və münasibətlərin dəyişməsindən söhbət gedir. Bu da çox vacib amil sayılır”.

 

Təlim proqramları hazırlanır

 

Azərbaycanda əlilliyi olan uşaqlar da daxil olmaqla, bütün uşaqlar üçün məktəbləri əlçatan etmək və onların öz potensiallarını ortaya qoya bilmələri üçün münasib təhsil imkanları yaratmaq məqsədi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib.

 

Proqramın əsas prioritetlərinə uyğun olaraq, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində bir neçə təlim proqramı hazırlanır. İnklüziv təhsil üzrə həmin təlim proqramları vasitəsi ilə ümumtəhsil məktəblərinin müəllimlərinin bu sahədə olan bilik və potensialının artırılması nəzərdə tutulub. Təlim proqramlarının digər hədəf qrupu isə xüsusi təhsil üzrə pedaqoji kadrlar olacaq. Əlilliyi olan uşaqların hüquqları haqqında məlumatlılığı artırmaq məqsədi ilə ictimai maarifləndirmə və davranışların dəyişdirilməsi kampaniyasının keçirilməsi də planlaşdırılıb. Bu kampaniya əlilliyi olan uşaqların ümumtəhsil məktəblərinə daha geniş şəkildə cəlb edilməsinə, bu sahədə müsbət ictimai münasibətin formalaşmasına kömək edəcək.

 

Layihə ölkəmizin 7 regionunda - Quba, Şəki, Ağcabədi, Qazax rayonlarında, o cümlədən Bakı, Sumqayıt, Gəncə şəhərlərində keçiriləcək.

 

7 regionda 9 resurs mərkəzi, 3 fərqli təlim proqramı...

 

Layihənin əsas fəaliyyəti inklüziv təhsil üzrə kadr hazırlığı üçün milli strategiya və fəaliyyət planının hazırlanması ilə bağlı olacaq. Layihə çərçivəsində 3 ayrı təlim proqramı - inklüziv təhsil üzrə pedaqoji universitetlər üçün, ixtisasartırma təlimi pilləsi üçün, xüsusi təhsil üzrə müəllimlər və tələbələr üçün proqramlar hazırlanacaq. Tezliklə ekspertlər hər 3 proqramın ilkin variantını təqdim edəcək.

 

Layihənin ikinci istiqaməti 7 regionda 9 resurs mərkəzinin yaradılmasıdır. Həmin mərkəzlər mütəmadi şəkildə məktəbləri, müəllimləri və valideynləri inklüziv təhsil üzrə metodiki dəstək, maarifləndirmə və təlim resursları ilə təmin edəcək. Hər bir resurs mərkəzi ümumtəhsil məktəbinin nəzdində yaradılacaq və müvafiq dəstəkverici avadanlıqlar, sağlamlıq imkanları məhdud uşaqlarla işləmək üçün lazım ola biləcək dəstəkverirci texnologiyalar, təlim vəsaitləri, bir çox faydalı məlumat və materiallarla təmin ediləcək. Hər bir mərkəzdə kitabxana fəaliyyət göstərəcək.

 

Əlilliyi olan uşaqların inklüziv təhsilə qarşı cəmiyyətdə mövcud bilik, yanaşma və davranışların yaxşılaşdırılması məqsədi ilə milli təbliğat və təşviqat kampaniyası da həyata keçiriləcək. Layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Quba və Şəki filialları, Sumqayıt və Gəncə Dövlət universitetləri, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutudur.

 

Pedaqoji universitetlərdə 300 müəllim və 1300 tələbə təlimlərdə iştirak edəcək. İxtisasartırma təlimi pilləsində 100 təlimçi hazırlanacaq. Həmin təlimçilər sonradan ölkənin 7 regionunda ümumtəhsil məktəblərinin 10 minə yaxın müəlliminin və məktəb rəhbərlərinin təlimlərdən keçirilməsində iştirak edəcəklər.

 

Bu təlimlərin önəminə gəlincə, 3 ildir inklüziv təhsil sinfində dərs deyən Gülər Abdullayeva deyir ki,  keçdikləri təlimlər zamanı inklüziv təhsil yanaşması və pedaqogikası barədə biliklər əldə ediblər: “Deyə bilərəm ki, əldə  etdiyimiz biliklər və məlumatlar ümumilikdə tədris prosesinə yanaşmamızı dəyişdi. Dərslərin şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq onların ehtiyaclarına uyğun təşkil edilməsi üçün nəzəri və praktiki biliklər əldə etdik. İnklüziv təhsil öyrədici prosesdir. Belə ki, biz tədris zamanı şagirdlərlə işlədikcə öyrənmək və öyrətmək üçün yeni yanaşmalar kəşf edirik. İnklüziv təhsil siniflərində təhsil alan şagirdlər məktəb mühitində kollektivdə işləməyi öyrənir, cəmiyyətə inteqrasiya edir, özlərinə inam hissi artır, öz bacarıqlarını kəşf etmələri üçün imkan yaranır. İnklüziv təhsilin müsbət təsiri sadəcə, bu siniflərlə də məhdudlaşmır. Məktəbdə təhsil alan digər şagirdlər də fərqliliklərə qarşı daha anlayışlı olmağı öyrənir. Bu da ümumilikdə əlilliyi olan şagirdlərə qarşı yanaşmanı və münasibətləri müsbətə doğru dəyişir. Təhsil prosesində hərtərəfli yanaşma çox vacibdir.  Xüsusən, valideynlərlə iş, yaxın münasibət və mütəmadi əlaqə tədris prosesində şagirdlərin ehtiyaclarını yaxından öyrənmək üçün zəmin yaradır”.

 

İndiyədək inklüziv təhsil siniflərində dərs apararaq 3 illik təcrübə qazanan Gülər müəllim növbəti mərhələdə təlimlərdən keçəcək müəllimlərə kömək etməyə də hazırdır.

 

İnklüziv təhsilə keçid yolu

 

Beləliklə, ölkəmizdə inklüziv təhsilin tətbiqinə, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə həyata keçirilən tədbirlərə 2004-cü ildən start verilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün inkişaf proqramı çərçivəsində 3 pilot layihənin icrasına başlanılıb. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumtəhsil müəssisələrində digər uşaqlarla  birgə təhsilə cəlb olunması məqsədi ilə “Azərbaycan Respublikasında ibtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi start götürüb. İnklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı tədbirlər 4 eksperimental məktəbdə uğurla həyata keçirilir.

 

İnklüziv təhsilə keçiddə Azərbaycanın ilk təcrübəsi həmin 4 məktəbin fəaliyyəti nəticəsində əldə edilənlərdir.

 

Əldə nə olduğu ilə maraqlananlara 138 nömrəli məktəbin direktoru Mirfaiq Mirheydərli  cavab verir. Onun sözlərinə görə, artıq 4 ildir ki, ilk 2 məktəbdən biri olaraq rəhbərlik etdiyi təhsil müəssisəsində ibtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi layihəsinin icrasına başlanılıb. Bu günə qədər uğurla davam etdirilən layihə üzrə əvvəlcə kadr hazırlığına başlanılıb. Bu işə cəlb edilən müəllim və rəhbər işçilər öncə Azərbaycanda, sonra isə Almaniyada Henrix Heyn adına inklüziv ibtidai məktəbdə təlim kurslarında iştirak ediblər. Mövcud vəziyyəti öyrənmək üçün keçirilən təcrübədən sonra milli xüsusiyyətləri və yerli vəziyyəti nəzərə alıb, valideynlərlə məsləhətləşərək hər bir uşaq üçün fərdi təhsil planı hazırlanıb: “Hər sinifdə sağlamlıq imkanları məhdud uşaq olmaqla işə başladıq. Aparılan geniş təbliğata baxmayaraq, valideynlərdən mənfi təpki alırdıq. “Niyə uşağım xəstə uşaqla birlikdə oxumalıdır?”, - deyənlər də tapılırdı. Sağlamlıq imkanları məhdud uşaqların valideynləri isə daha çox sıxıntı keçirirdilər. Bu, siniflərdə şagirdlərin sayına təsirsiz ötüşmədi. Əlilliyi olan uşaqların valideynlərinin müraciətlərinin sayının az olmasından demək olardı ki, onlar da layihənin özünü doğruldacağına inanmırdılar”.

 

Məktəb rəhbərliyinin müşahidə və təhlilləri nəticəsində apardığı məqsədyönlü iş sayəsində həmin siniflərdə vəziyyət proqnozlaşdırılandan yaxşı olub. İnklüziv siniflər daha uğurlu təlim və tədris nəticələri nümayiş etdirib: “Siniflərdəki ümumi ab-hava dəyişərək uşaqların bir-birinə qarşı daha qayğıkeş və məsuliyyətli yanaşmalarına səbəb oldu. Növbəti illərdə siniflərdə sağlamlıq imkanları məhdud uşaqların da qəbul ediləcəyini bildikləri halda, valideynlər həmin siniflərə həvəslə uşaqlarını yazdırırdılar”.

 

Məktəb direktorunun sözlərinə görə, inklüziv təhsil sahəsində yaradılan yerli model hətta Danimarkanın Kopenhagen Universitetindən gələn inklüziv təhsil üzrə tanınmış müəllimlərin də diqqətini çəkib: “Onlar məktəbimizə təcrübə keçmək üçün tələbə göndərilməsini təklif etdilər”.

 

İnklüziv təhsilə keçid yolu elə uzun olmasa da, qət edilən məsafə də az sayılmaz. Təhsil naziri Ceyhun Bayramov hesab edir ki, bu sahədə Heydər Əliyev Fondunun əvəzolunmaz fəaliyyəti var. Belə ki, Fond tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər təmir olunub və ya yenidən qurulub.

 

Təhsil nazirinin təqdim etdiyi statistikaya görə, 2017-2018-ci tədris ilində sağlamlıq imkanları məhdud 10130 uşağın 6521 nəfəri evdə təhsilə, 3609 nəfəri isə xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimi təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə təhsilə cəlb olunub.

 

İnklüziv təhsil sahəsində isə hələ yolun başındayıq. Bu mərhələdə normativ bazanın hazırlanması əsas sayılır. Təhsil nazirinin sözlərinə görə, rəhbərlik etdiyi qurum sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb.

 

Yaxın zamanlarda hazırlanmış təkliflər paketi Nazirlər Kabinetinə təqdim ediləcək: “Təhsil Nazirliyi tərəfindən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan fəaliyyətlərin icrasına başlanılıb. Dövlət Proqramının əsas məqsədi sağlamlıq imkanı məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. Qəbul edilən Dövlət Proqramı özündə 5 əsas vəzifəni - normativ hüquqi aktların təkmilləşdirilməsi, infrastruktur və məzmunun şəxslərin ehtiyaclarına uyğunlaşdırılması, bu sahədə pedaqoji kadrların hazırlanması və əlavə təhsilə cəlb olunması, məlumat bazasının yaradılması, bu sahədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmənin aparılmasını ehtiva edir”.

 

Təhsilin inklüzivliyinin təmin edilməsi Azərbaycan dövlətinin prioritetlərindən biridir. Bu məsələdə Avropa İttifaqının dəstəyini qiymətləndirən təhsil naziri inklüziv təhsillə bağlı YUNİSEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan layihələri xüsusi qeyd edib.

 

İnklüziv təhsil sosial-iqtisadi inkişafa da xidmət edir

 

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin təmsil etdiyi qurumun inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslərə məmnuniyyətlə qoşulduğunu deyir: “Rəsmi statistikaya görə, Azərbaycanda 72 min sağlamlıq imkanı məhdud uşaq qeydiyyatdan keçib. YUNİSEF-in hesablamalarına görə, onlardan 54 mini ibtidai sinif və orta təhsil yaşındadırlar. Təəssüf ki, həmin uşaqların sadəcə üçündən biri təhsil ala bilir”.

 

Bu mənada layihənin əhəmiyyətini yüksək qiymətləndirən Edvard Karvardinin fikrincə, sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması onların inkişafına müsbət təsir göstərir. Digər tərəfdən, cəmiyyətdə, uşaqlar, ailələr arasında sağlamlıq imkanları məhdud uşaqlara dair məlumatlılığın artmasına səbəb olur, mövcud mənfi stereotiplərin aradan qaldırılmasına xidmət edir. Daha uzunmüddətli perspektivdə sağlam nəslin yetişməsinə, sağlamlıq imkanları məhdud olanların gələcək asılılığının azalmasına dəstək olur. Bunları nəzərə alanda, inklüziv təhsil sosial-iqtisadi inkişafa da xidmət edir.

 

Edvard Karvardin deyib ki, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi 2020-ci ilədək ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud 5000 nəfərədək uşağın təhsil almasına imkan yaradacaq. Növbəti 5 il ərzində 20 min uşaq bu imkanlardan yararlanacaq. Bakı, Gəncə, Qubadan, Sumqayıtdan, Şəkidən 1300-dən çox universitet, o cümlədən ümumtəhsil müəssisələrinin 10 min müəllimi inklüziv təhsil proqramlarından faydalanacaq. Yeddi rayonda yaradılan yerli resurs mərkəzləri 44 min məktəb müəllimini əhatə edəcək. Bu da peşə inkişafı baxımından çox vacibdir. Valideynlərin də həmin mərkəzlərə cəlb edilməsi metodoloji dəstək baxımından önəmlidir: “Ümumiyyətlə, bütövlükdə cəmiyyətin burada iştirakı bizə əlavə fayda gətirəcək”.

 

Cəmiyyətin münasibətini dəyişmək

 

“İnsan kapitalının inkişaf etdirilməsi Azərbaycan üçün əsas istiqamətdir. Ümid edirəm ki, Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq” - deyən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas da layihə çərçivəsində baş tutan əməkdaşlıq sayəsində Azərbaycanda sağlamlıq imkanları məhdud daha çox sayda uşaq üçün sinif şəraitində təhsil almaq imkanı yaradılacağına inanır. İnklüziv təhsilin tətbiqinin vacibliyindən danışan Aİ nümayəndəsinin fikrincə, hər kəsin əldə etdiyi bilik və bacarıqlarla ictimai həyatda hərtərəfli iştirak etmək, inklüziv təhsil almaq, təlimlərə cəlb olunmaq və həyatı boyu öyrənmək hüququ var.

 

O əlavə edib ki, müasir Azərbaycan cəmiyyətinin yaradılmasına hər bir şəxs fərd olaraq töhfə verə bilər: “Əsas məqsədimiz cəmiyyətin əlilliyi olan uşaqlara qarşı olan münasibətini dəyişməkdir. Bu, heç də asan məsələ deyil. Avropa İttifaqı olaraq bu istiqamətdə birgə işləyəcəyik”.

 

Ruhiyyə DAŞSALAHLI