Dövlət Proqramının icrası ilə əlaqədar olaraq


“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramı”nın icrasi ilə əlaqədar olaraq, xüsusi idarəetmə qrupunun formalaşdırılması nəzərdə tutulub. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, həmin qrup sənədin əhatə etdiyi illər ərzində Dövlət Proqramının özündə ehtiva etdiyi hər iki istiqamət üzrə idarəetməyə nəzarət edəcək. Növbəti aylar ərzində idarəetmə qrupunun fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb təsdiq üçün təqdim olunacaq.

 

Nazir bildirib ki, sözügedən Dövlət Proqramının icrası ilə əlaqədar Təhsil Nazirliyinin üzərinə böyük məsuliyyət düşür və rəhbərlik etdiyi qurum vəzifələrinin öhdəsindən gəlmək üçün əlindən gələni edəcək: “Növbəti illərdə məhz bu Dövlət Proqramının uğurla icrası nəticəsində ilk ikili diplom proqramlarının təsis edilməsinin, Azərbaycan tələbələrinin dünyanın aparıcı universitetlərinin doktoranturasına qəbul olunmasının şahidi olacağıq. Dövlət Proqramına uyğun olaraq hər iki istiqamət üzrə müvafiq əlavə sənədlərin qəbul edilməsi, ikili diplom proqramı ilə bağlı seçim meyarlarına dair xüsusi qaydaların hazırlanması, eyni zamanda doktorantura təhsili üzrə də seçim meyarları üzərində iş gedir. Qısa müddət ərzində həmin sənəd layihələri Nazirlər Kabinetinə təqdim ediləcək”.

 

Nazir sənədin qəbulundan cəmi bir neçə gün keçməsinə baxmayaraq, artıq müraciətlərin olduğunu da vurğulayıb: “Sənədin qəbulundan cəmi bir neçə gün ötüb. Qaydalar hələ hazırlanır. Artıq Təhsil Nazirliyinə bir sıra ali təhsil müəssisələrindən müraciətlər daxil olub. Bu proqramda iştiraka dair böyük motivasiya müşahidə olunur”.

 

Ruhiyyə