Ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13 nömrəli tam orta məktəbin VI sinif şagirdləri Fidan Rüstəmova və Aynurə Səfərova Bolqarıstanda karate idman növü üzrə 11-12 yaşlılar arasında keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüblər. Qalib məktəblilər qızıl medal, diplom və sertifikatla təltif olunublar.

 

Paytaxtdakı 247 nömrəli tam orta məktəbin X sinif şagirdi Elvin Əhmədov İtaliyada kunq-fu sanda idman növü üzrə keçirilən dünya çempionatında I, kikboksinq idman növü üzrə isə II yerə layiq görülüb. Məktəbin II sinif şagirdi Dəniz Səmədli isə Gürcüstanda karate idman növü üzrə keçirilən beynəlxalq turnirdə qalib gəlib. Məktəblilər diplom və medalla mükafatlandırılıblar.

 

Vətənə qalibiyyətlə dönən digər məktəblilər isə 191 nömrəli tam orta məktəbin IV sinif şagirdi Əli Tahirzadə və V sinif şagirdi Ziya Həsənlidir. Belə ki, Ə.Tahirzadə Gürcüstanda idmanın qaydasız döyüş növü üzrə keçirilən beynəlxalq yarışda 30 kiloqram çəki dərəcəsində I, Z.Həsənli isə Çeçenistanda taekvando idman növü üzrə keçirilən beynəlxalq turnirdə 30 kiloqram çəki dərəcəsində III yerə layiq görülüb. Yarışların nəticələrinə əsasən, məktəblilər diplom və hədiyyələrlə təltif olunublar.

 

Bakı şəhəri üzrə 39 nömrəli tam orta məktəbin XI sinif şagirdi Asim Məmmədov isə Bolqarıstanda keçirilən Avropa çempionatında 61 kiloqram çəki dərəcəsində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qalib məktəbli qızıl medal və diploma layiq görülüb.

 

Uğur qazanan digər idmançı 202 nömrəli tam orta məktəbin X sinif şagirdi Fidan Musayeva Bolqarıstanda karate idman növü üzrə 14-15 yaşlılar arasında keçirilən yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışın nəticələrinə əsasən, F.Musayeva qızıl medal, kubok və sertifikatla mükafatlandırılıb.

 

328 nömrəli tam orta məktəbin X sinif şagirdi Həsən Həsənli isə Ukraynada karate idman növü üzrə keçirilən Avropa çempionatında 70 kiloqram çəki dərəcəsində II yerə layiq görülüb. Məktəbli medal və diplomla təltif olunub.