Respublika çempionatının rayondaxili mərhələsində 50562 şagird 2397 məktəbin şərəfini qoruyacaq


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əməkdaşlığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı”nın məktəbdaxili mərhələsi başa çatıb.  

 

Noyabrın 1-dən isə rayondaxili mərhələyə start verilib. Qeyd edək ki, məktəbdaxili mərhələdə ümumilikdə 2397 orta məktəb iştirak edib. Yarışlarla bağlı məlumat əldə etmək üçün  “Təhsil” Respublika İdman Mərkəzinin direktoru,  “Məktəblər arasında respublika çempionatı”nın hakimlər kollegiyasının üzvü Natiq Lahıcovla görüşdük.

 

Bizə çempionatla bağlı ətraflı məlumat verən N.Lahıcov bildirdi ki, “Məktəblər arasında respublika çempionatı” - məktəblər arasında müvafiq idman növləri üzrə keçirilən yarışlardır. Yarış bədən tərbiyəsi və idmanın məktəblərdə kütləviliyinin artırılmasına və sağlam həyat tərzinin aşılanmasına təkan vermək məqsədi ilə təşkil edilib. Burada məqsəd  məktəblilər arasında  bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin bu istiqamətdə işini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək, müxtəlif idman növü üzrə qalib məktəblərin idmançılarının aidiyyəti beynəlxalq yarışlarda iştirakını təşkil etməkdən ibarətdir. Bundan başqa, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin forma və metodlarını, sinifdənxaric və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işlərini təkmilləşdirmək, aidiyyəti idman federasiyaları ilə birgə ümumtəhsil müəssisələri, uşaq-gənclər idman məktəbləri ilə əməkdaşlığı genişləndirmək də vacib vəzifələrdəndir.  Natiq Lahıcov  orta məktəblərin yarışlara müxtəlif idman növləri üzrə qatılmasından danışaraq bildirib ki, basketbol idman növü üzrə yarışlarda 1442 orta məktəbdən  69216, voleybol idman növü üzrə 1303 orta məktəbdən  62544, atletika idman növü üzrə  2262 orta məktəbdən  54288, şahmat idman növü üzrə yarışlarda isə 675 orta məktəb üzrə 16200 şagird iştirak edib. İdman mərkəzinin direktoru ümumilikdə məktəbdaxili yarışlara 2397 məktəb üzrə 4 idman növü üzrə (şahmat, atletika, voleybol və basketbol)  202248 şagirdin qatıldığını söyləyib.

 

Rayondaxili mərhələdən söhbət açan Natiq Lahıcov  qeyd edib ki,  burada  2397 orta məktəbin iştirakı qeydə alınıb. Belə ki, atletika idman növü üzrə yarışlarda 2262 orta məktəbdən 13572, voleybol üzrə yarışlarda 1303 məktəbdən 15636, basketbol idman növü üzrə yarışlarda 1442 orta məktəbdən 17304, şahmat idman növü üzrə yarışlarda isə 675 orta məktəb üzrə 4050 şagird iştirak edəcək. Ümumilikdə rayondaxili mərhələdə 2397 orta məktəb üzrə 50562 şagird mübarizə aparır.  Bu  mərhələyə noyabr ayının sonunda yekun vurulacaq: “Dekabrın 5-dən isə artıq voleybol və basketbol idman növləri üzrə zona yarışlarına start veriləcək. Zona yarışlarında hər bir rayon (şəhər) üzrə rayondaxili mərhələdə birinci yeri tutan komandalar iştirak edəcək”.

 

N.Lahıcov çempionatın keçirilməsindən əvvəl hazırlıq işləri ilə əlaqədar Baş Hakimlər Kollegiyasının üzvləri tərəfindən təsdiq edilmiş zonalar üzrə seminarlar barədə də məlumat verib: “Seminarlarda Baş Hakimlər Kollegiyasının üzvləri tərəfindən iştirakçılara çempionatın mərhələlər üzrə yüksək səviyyədə təşkil edilməsi və sənədləşmə işlərinin hazırlanması ilə əlaqədar müvafiq tövsiyələr verilib. Təsdiq edilmiş qrafikə əsasən Bakı, Gəncə şəhərlərində və Ağdaş, Xaçmaz rayonlarında keçirilən seminarlarda rayon (şəhər) Gənclər və İdman İdarələrinin, İdman-Şahmat  Məktəblərinin  rəhbərləri  və rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) fiziki tərbiyə metodistləri iştirak ediblər.

 

Yarışların mükafatlandırılma mərhələsindən danışan hakimlər kollegiyasının üzvü Natiq Lahıcov bildirib ki, çempionatın III mərhələsinin idman növləri üzrə qalibləri təşkilatçılar tərəfindən diplomla təltif ediləcəklər: “Yarışların final mərhələsində idman növləri üzrə I, II və III yerləri tutan komandalar və məşqçilər təşkilatçılar tərəfindən kubok, medal, müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar. Yarışlara mütəmadi azarkeşlik edən məktəbə “Ən yaradıcı və coşqulu azarkeş məktəb” nominasiyasında xüsusi mükafat veriləcək.

 

Rəşad ZİYADOV