Jurnal yeni görünüş, forma və məzmunda


“Azərbaycan məktəbi” jurnalı. Bu ad respublikanın təhsil ictimaiyyətinə yaxşı tanışdır. Pedaqoji mətbuat tariximizin ən uzunömürlü jurnallarından biri hesab olunur. 1924-1930-cu illərdə “Yeni məktəb”, 1930-1943-cü illərdə “Müəllimə kömək”, 1943-cü ildən başlayaraq isə “Azərbaycan məktəbi” adı ilə nəşr olunub.  

 

Bu jurnalın  keçmiş SSRİ-də görkəmli alimlər, elm kollektivləri, qabaqcıl müəllimlər tərəfindən işlənib hazırlanmış ideyaların və təcrübələrin respublika məktəblərində yayılmasında mühüm rolu olub. Həmin dövrdə akademiklərdən Məmməd Arif, Feyzulla Qasımzadə, Həmid Araslı, Məmməd Cəfər, Əşrəf Hüseynov, Məmmədağa Şirəliyev, müxbir üzvlərdən dil üzrə Əbdüləzəl Dəmirçizadə, fizika üzrə Abbasqulu Abbaszadə, riyaziyyat üzrə Maqsud Cavadov, kimya üzrə Cümşüd Zülfüqarlı, həmçinin metodika məsələlərilə əlaqədar SSRİ Pedaqoji EA-nın akademiki Mehdi Mehdizadə, pedaqoji elmlər doktoru Əhməd Seyidov, professor Ağəmməd Abdullayev, Mixail Prokofyev, Aleksandr Osipoviç, Artur Petrovskiy görkəmli pedaqoq, akademik Şalva Amonaşvili  və digər neçə-neçə görkəmli alimlər jurnalla sıx əməkdaşlıq əlaqələri qurmuş, özlərinin bir sıra qiymətli fikirlərini məhz bu nəşr vasitəsilə oxuculara çatdırmışlar. Jurnal hər dövrdə öz aktuallığını qoruyub saxlaya bilmişdir.

 

İllərin sınağından uğurla  çıxan “Azərbaycan məktəbi” jurnalı  2018, 2-ci sayından etibarən yeni məzmun, forma və tərtibatda oxucuların ixtiyarına verilib.

 

Qloballaşan dünyada müasir elmi tədqiqatların nəticələrini dəyərləndirsək, istiqamətlərin müxtəliflik təşkil etdiyini görərik. Ümumiyyətlə, bu qiymətləndirmələri aparan elmi tədqiqat mərkəzləri əsas üstünlüyü güclü istinad bazasına malik və təsir gücü ölçülə bilən jurnallara verirlər. Elmi jurnalların reytinqi və təsir gücü onun impakt faktorlu olması ilə ölçülür. Elə “Azərbaycan məktəbi” jurnalı da beynəlxalq standartlara cavab verən elmi məqalələrin dərcinə nail olmağı qarşısına məqsəd qoyub.

 

Jurnalın elmi yenilikləri çoxdur. Əlbəttə ki, bunlardan birincisi elmi məqalələrin indekslənməsidir. Elmi məqalələrin indekslənməsi müəllif hüquqlarının qorunaraq plagiatın qarşısının alınması, məqalənin keyfiyyət dəyərinin və elmi aktuallığının müəyyən edilməsi deməkdir. Keyfiyyət dəyəri olan impakt faktor, beynəlxalq elm aləmində nə dərəcədə aktual olub ona istinad edilməsi ilə ölçülür. İndeksləmə qurumlarının ən böyüyü olan Web of Science (WOS) profili üzrə qurulan Web of Knowledge Core Collection çox zəngin bilik və informasiya bazasıdır. “Azərbaycan məktəbi” jurnalının da əsas hədəflərindən biri dərc olunacaq məqalələrin  keyfiyyət dəyərini yüksəldərək bu böyük elmi qurumun istinad bazasına daxil olmaq və pedaqogika sahəsində “Social Science Citation”un siyahısına düşməkdir.

 

Digər elmi yenilik isə bundan ibarətdir ki, qəbul edilən məqalələrin orijinallığı xüsusi proqramlar vasitəsilə yoxlanılacaq, onların daha rahat axtarışını və istifadəsini təmin etmək məqsədilə DOI (digital object identifier) nömrələri alınacaq.

 

Bundan başqa, mətbu orqanın  www.journal.edu.az adlı yeni saytı oxucuların istifadəsinə verilir. Bu saytda oxucular və elmi araşdırma aparan tədqiqatçılar jurnalın bütün arxiv nömrələrinə daxil olub məqalələrlə tanış ola biləcək, öz məqalələrini internetlə (onlayn submission) jurnalın redaksiyasına göndərə biləcəklər.

 

Oxucularla  sadəcə jurnal vasitəsilə deyil, elmi konfrans və simpoziumlarda, beynəlxalq layihələrdə də görüşməyi düşünən “Azərbaycan məktəbi”nin bütövlükdə təhsil  ictimaiyyətinin  həm  zövqünü,  həm  də  elmi-təcrübi  ehtiyaclarını ödəyəcək bir jurnala çevriləcəyinə əminik.

 

Samirə KƏRİMOVA