Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

 

Qurultayda çıxış edən Yeni Azərbaycan Partıyası sədrinin müavini-İcra katibi Əli Əhmədov son illər təhsil sahəsində ciddi islahatların həyata keçirildiyini və qarşıda mühüm vəzifələrin dayandığını qeyd edib. Əli Əhmədov bildirib ki, insanın formalaşmasında valideynlərlə yanaşı, müəllimlərin böyük rolu var. Azərbaycan müəllimləri bu işi şərəflə görürlər. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə müəllimlərə, məktəblərə yüksək qiymət verilməsi, təhsilin inkişafı dövlətin əsas prioritet məsələlərindən biridir.

 

Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən beş il ərzində təhsil sahəsində böyük işlər görülüb. Bahar Muradova bildirib ki, təhsilə ayrılan investisiya Azərbaycanın gələcəyi deməkdir. Təhsildə inkişaf üçün təhsilverənlərin keyfiyyətinin yüksəldilməsinə böyük ehtiyac var, bu məsələ Dövlət Strategiyasında da öz əksini tapıb.

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, Azərbaycan elm və təhsil ölkəsi kimi tanınır. Muxtar Respublikada  2018-ci ildə 7 tam orta məktəb binasının istifadəyə verildiyini deyən Rəhman Məmmədov 4 məktəbin tikintisinin davam etdirildiyini bildirib.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev vurğulayıb ki, hər bir ölkənin gələcəyi təhsil sisteminin uğuru ilə ölçülür. Azərbaycan təhsilinin inkişaf göstəriciləri bu sahədə geniş islahatlar aparıldığını əyani sübut  edir.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə diqqətə çatdırıb ki, rəqabət qabiliyyətli mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Məleykə Abbaszadə DİM-in keçirdiyi imtahanlarda müəllimlərin yaxından iştirak etdiyini, 1101 nəfərin əməyinin qiymətləndirildiyini qeyd edib.

 

Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva təhsil sahəsində qazanılan uğurlar, müəllim nüfuzunun artırılması, regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə atılan addımlardan danışıblar.

 

Qurultay öz işini panel müzakirələrlə davam etdirir. Panel müzakirəlrə "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında aparılacaq.

 

Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.