Sağlamlıq imkanları məhdud uşaqlara yönəlik layihə


Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə iştirak üçün “Bərabər  təhsil-bərabər  imkanlar! Distant  inklüziv  təhsil  və  inkişaf  mərkəzinin yaradılması” layihəsini  hazırlayanda  da, bu layihəm qəbul olunanda da  gözlərimin önündə  sağlamlıq imkanları məhdud  olan  şagirdlərim  dururdu. Onların bulaq suyu  kimi  dumduru, saf gözlərində  sabaha  böyük  ümid işığı, müəllimlərinə, insanlara  sonsuz  inam duyğuları  görürdüm. Hələ  həyatın  eniş-yoxuşlu  yollarına  qədəm  qoymayan, ata-ananın, yaxınlarının qayğısı  ilə  əhatə  olunaraq  çətinliklərə  asanlıqla  qalib  gələ  bilən  bu  uşaqlara  öz  ayaqları  üstə  sərbəst  durmaqda, həyatda öz  yerlərini  tapmaqda  yardımçı  olmaq  arzusu  məni  bu  layihə  üzərində   işləməyə  sövq  etdi. Bir  də  ulu  öndərimiz  Heydər  Əliyevin  şəxsi  nümunəsi. Çox  gənc  idim. Onda  hələ  ulu  öndərimiz  respublikamızın müstəqillik  yollarında inamlı  addımlar  atması  üçün  əlindən   gələni  edir, Azərbaycanı  dünya miqyasında  tanıdır, cəbhədə  atəşkəsə  nail  olmaqla  ordu  quruculuğunda  uğurlu  siyasət   həyata keçirirdi. Belə  bir  vaxtda  işlərinin  çoxluğuna  baxmayaraq, uşaq  evlərində  ata-ana  qayğısından   məhrum  uşaqlara  baş  çəkməyə, bir  xoş  söz, bir  səmimi  münasibətlə  onların  könlünü  xoş  etməyə   də  vaxt  tapırdı. Yenə  də  belə   görüşlərdən  biri  idi. Televiziyada  görüşün  canlı  yayımı  verilirdi. Mən  maraqla  bu  verilişə  baxırdım. Ulu  öndər  fiziki sağlamlığı  məhdud  olan uşaqlarla  görüşür, onların  üzündən  öpür, saçını  oxşayır, bəzilərinin  anlaşılmaz, dolaşıq  nitqinə  səbirlə  qulaq  asır,  arzularını  öyrənirdi. Bu  dahi  şəxsiyyətin  ümman  səbri, sonsuz  məhəbbəti   mənim  üçün   böyük  bir  məktəb oldu. Bu  gün  hazırladığım  layihə ilə  sanki  ulu öndərimizin ruhu  qarşısında  müəllimlik, analıq  borcumu qismən  yerinə yetirmiş oldum.

 

Layihənin giriş hissəsində (“Problemin qoyuluşu”) qeyd etdiyim  kimi, inklüziv təhsilin yaxşı cəhətlərindən biri sağlamlığı məhdud olan uşaqların öz yaşıdlarından təcrid olunmaması, başqaları ilə birlikdə təhsil, bərabər imkanlara malik olmasıdır. Bu da həmin uşaqlarda öz güclərinə inam yaradır, onlar hamı ilə birlikdə öyrənməyə, nəyəsə qadir  olduğunu  göstərməyə cəhd edirlər.

 

Layihənin həyata keçirilməsi  müddəti  avqust-noyabr  aylarını   əhatə  edir. Rəhbəri  olduğum 11 nömrəli tam orta məktəbin bazasında  distant “İnklüziv təhsil və İnkişaf  Mərkəzi”ni  formalaşdırmaq  təklifinin nəticəsidir ki, məktəbimizdə və 4 nömrəli tam orta məktəbdə sağlamlıq imkanları məhdud  olan 55  şagird təhsil alır. Onların normal təhsil alması üçün hər cür şərait yaradılıb. Həmin uşaqların hansı sahəyə meyil etdiklərini, arzularını, bacarıqlarını öyrənib istedadlarının  üzə  çıxarılmasına hər  birimiz yardımçı olmuşuq.

 

İnklüziv təhsil alan  uşaqlarla  işləyən  müəllimlərin düzgün seçilməsi, həmin müəllimlərlə mütəmadi olaraq təlim keçirilməsi məsələsi də layihədə yer alıb. Bu, xüsusi təcrübəsi olanlarla yeni öyrənənlər arasında faydalı əməkdaşlığın yaranmasına səbəb olub.

 

Layihə çərçivəsində  şagirdlər, müəllimlər və valideynlər üçün metodik  vəsaitlərin hazırlanmasını da nəzərdə tutmuşduq.

 

Bu  layihə vasitəsilə nəinki şəhərdə, həmçinin ucqar kənd və rayonlarda yaşayan  belə  şagirdlər həm təhsil sisteminə  daha asan  inteqrasiya olunma imkanı qazanır, həm  də hazırlanmış  xüsusi proqramlar vasitəsilə müxtəlif saytlara daxil  olaraq məlumatlar əldə edirlər. Bu da onların   şəxsiyyət kimi formalaşmasına  yardım edir və  onlar  cəmiyyətdən təcrid olunma hissindən azad olurlar. Beləcə, cəmiyyət sağlam düşüncəli vətəndaşlar qazanır.

 

Mərkəzin  yaradılmasından  keçən  bir  neçə ayda  fiziki  sağlamlığı  məhdud  olan  uşaqların   əlaqəli ünsiyyət yaratmasına, psixoloji  mühitin yaranmasına nail olmuşuq. Uşaqlar  bizim  mərkəzin fəaliyyətində  yaxından iştirak  edir, özlərini, sözün  əsl  mənasında,  xoşbəxt hiss edirlər.

 

Məktəbimizin  mesafedeninkishaf.az  saytında  elektron  dərsliklər, testlər, rənglənmə  materialları və s.  var.  Şagirdlərimiz bu    sayta  girib  istədikləri məlumatları  ala  bilərlər.

 

Bir  daha  vurğulamaq  istərdim  ki, İKT-nin imkanları  çox  genişdir  və  mütləq  fiziki  sağlamlığı  məhdud  olan  uşaqları  bu  vasitələrdən  istifadəyə  yönəltmək  lazımdır.

 

Hazırladığımız  layihə bu  yolda atılmış bir addımdır və inanırıq ki, bu addımların  yürüşə çevrilməsi üçün bütün  cəmiyyət yardımçımız olacaq. Möhtərəm Prezidentimiz  İlham Əliyevin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq  imkanları  məhdud  şəxslər  üçün inklüziv təhsilin  inkişafı üzrə  Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı  da bu məsələnin həmişə dövlətin diqqət mərkəzində olmasını göstərir. Hər bir sahədə cənab Prezidenti  dəstəkləyən pedaqoji kollektivimiz  bu  sahədə əlindən gələni əsirgəməyəcək, yardıma və xüsusi  qayğıya ehtiyacı olanların qolundan tutmağa hazır olacaqdır.

 

İlahə HƏSƏNLİ,

Sumqayıt şəhər  11 nömrəli tam orta məktəbin  direktoru, layihənin rəhbəri