ADAU-da bu mövzuda respublika elmi-praktik konfransı keçirilib


Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli  “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə  əlaqədar təsdiq olunan tədbirlər planına əsasən  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.  

 

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə, konfransı giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq yubiley çərçivəsində universitetdə keçirilən tədbirlərdən danışıb.  “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda  respublika elmi-praktiki konfransının əhəmiyyətini vurğulayan  rektor konfransa respublikanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrindən 100-dən çox məruzə tezisinin təqdim edildiyini bildirib. Məqalələr akademik Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə həsr olunmaqla nəfis şəkildə nəşr edilib.

 

Kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini konfrans iştirakçılarına çatdıran nazir müavini Seyfəddin Talıbov  Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor  Cəlal Əliiyevin ölkəmizdə biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan danışıb.

 

Konfransın plenar iclasında AMEA-nın Gəncə bölməsinin sədri,  akademik Fuad Əliyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavinləri Natiq Allahverdiyev və Ələmdar Məmmədov, laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, aparıcı elmi işçisi Şahniyar Bayramov, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Genbankının müdiri Sevinc Məmmədova, Botanika İnstitutunun təhsil şöbəsinin müdiri Rəşad Səlimov və laboratoriya müdiri Pərvanə Qaraxani,  Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədiqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai, direktor müavini Şikar Əhmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin “Biologiya” kafedrasının müdiri, professor Zaur Hümbətov və başqaları maraqlı məruzələrlə çıxış ediblər.

 

Konfrans öz işini bölmələrdə davam etdirib. Konfransın yekununda aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına Bitki fiziologiyası laboratoriyasına baxış keçirilib.