Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyinin “Hüquq və mən” adlı layihəsi çərçivəsində İmişli rayonu Ölcəllər kənd tam orta məktəbində şagirdlərə hüquq dərsləri keçilib.

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə həyata keçirilən layihədə dərslər peşəkar hüquqşünas, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Ağcabədi rayon vəkil bürosunun üzvü Əbdülhəsən Əmirov tərəfindən keçirilib.

 

Layihənin əsas məqsədi 10 və 11-ci sinif şagirdlərinin hüquqi biliklərinin inkişaf etdirilməsi və onlara gələcəkdə üzləşə biləcəkləri hüquqi vəziyyətlərdə etməli olduqları davranışların öyrədilməsidir.

 

Qeyd edək ki, dərslərdə istifadə etmək üçün ilk dəfə Azərbaycan dilində dərs vəsaitləri hazırlanıb. Hazırlanmış dərs vəsaitində Azərbaycanın hüquq sistemi və hüquq tarixi, əsas insan hüquq və azadlıqları, ölkəmizin məhkəmə sistemi, Avropa İnsan Hüquqları Məhkəməsi barədə məlumatlar yer alıb. İşçi dəftərdə isə qeyd olunmuş hüquqi məlumatlara həsr olunmuş illüstrativ-praktiki tədris tapşırıqları, krossvordlar, test və sual-cavablar verilib. Dərslikdən və işçi dəftərindən ibarət olan bu vəsaitlər şagirdlərin böyük marağına səbəb olub.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul  şəxsi