Onu ADU-nun Konfutsi İnstitutu keçirib


Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib. İmtahan iştirakçılarının böyük əksəriyyəti ADU və digər universitetlərin tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri olub. İmtahan başlamazdan öncə Konfutsi İnstitutunun müəllimləri Çin dili kurslarının tələbələrini imtahanların məzmunu, dinləmə, oxu, qrammatik strukturları, sözlərin və heroqliflərin əsas yazılış qaydaları ilə tanış edib. 

 

Bir neçə səviyyədən ibarət olan test imtahanları Çin dili anlayışı olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanıdır. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qeyd edib ki, HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatın alınması Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, həmçinin Çin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır.

 

O, bildirib ki, Azərbaycanda HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi bu dilə marağın artmasına sübutdur. R.Abbasov bildirib ki, yüksək səviyyəli HSK imtahanından müvəffəqiyyətlə keçmiş tələbələr ümummilli lider Heydər Əliyevin siyasi irsinin, Prezident İlham Əliyevin ölkələrimiz arasındakı çoxşaxəli dostluq və əməkdaşlıq istiqamətində gördüyü işlərin məlumat bazası materiallarının tərcümə işində fəal iştirak edirlər.