Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi yekunlaşıb


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əməkdaşlığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı”nın rayondaxili  mərhələsi yekunlaşıb. Noyabrın 1-dən  start verililən bu mərhələdə  ay ərzində  təsdiq edilmiş qrafikə əsasən 4 idman növü üzrə  2397 ümumi təhsil müəssisəsinin iştirakı qeydə alınıb. Yarışlarla bağlı məlumat əldə etmək üçün  “Təhsil” Respublika İdman Mərkəzinin direktoru,  “Məktəblər arasında respublika çempionatı”nın hakimlər kollegiyasının üzvü Natiq Lahıcovla görüşdük. Bizə çempionatla bağlı ətraflı məlumat verən N.Lahıcov bildirdi ki, rayondaxili mərhələdə  atletika idman növü üzrə yarışlarda 2262 ümumi təhsil müəssisəsi üzrə 13572, voleybol üzrə yarışlarda 1303 ümumi təhsil müəssisəsi üzrə 15636, basketbol idman növü üzrə yarışlarda 1442 ümumi təhsil müəssisəsi üzrə 17304, şahmat idman növü üzrə yarışlarda isə 675 ümumi təhsil müəssisəsi üzrə 4050 şagird iştirak edib. Ümumulikdə rayondaxili mərhələdə 2397 ümumi təhsil müəssisəsi üzrə 50562 şagird mübarizə aparıb.

 

Rayondaxili mərhələdən danışan Natiq Lahıcov  qeyd edib ki,  bu  mərhələnin nəticəsi olaraq hər idman növü üzrə zona yarışlarına vəsiqə qazanan məktəblər müəyyən edilib: “Çempionatın proqramına daxil olan voleybol və basketbol idman növləri üzrə zona  yarışlarına dekabırın 5-də start veriləcək. Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı” cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir”.

 

Natiq Lahıcov onu da əlavə edib ki, məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır.

 

Yarışların yekun mərhələsindən söhbət açan hakimlər kollegiyasının üzvü Natiq Lahıcov bildirib ki,  2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər:  “Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcəklər”.

 

Rəşad ZİYADOV