Dekabrın 5-də Bakıda "Mariott otel"də Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə, eləcə də “Web of Science Azerbaijan-2018” mükafatlarının  təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib. Təhsil Nazirliyi və “Clarivate Analytics” nümayəndələrinin, ali məktəb rektorlarının, elmi-tədqiqat institutlarının əməkdaşlarının, alimlərin iştirak etdiyi mərasimi açan təhsil naziri Ceyhun Bayramov 2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq sazişinin imzalandığını xatırladıb. Nazir bildirib ki, bu əməkdaşlıq nəticəsində  ölkəmizin ali təhsil sistemində davamlı inkişafa nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunması istiqamətində mühüm addımlar atılıb. İlk növbədə Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science®” elmi platformasına çıxış əldə edib. Son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. “Web of Science®” elmi bazasında 2017-ci ildə 1160 elmi-tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Bu məqalələrin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. “Web of Science®” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal “Web of Science®” bazasında indeksləşdirilmişdisə, 2017-ci ildə bu göstərici 7-yə çatıb.

 

Nazir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın elmin inkişafına daha da təkan verəcəyini, ali təhsilin digər komponentləri ilə yanaşı, universitetlərin elmi fəaliyyətinin modernləşdirilməsi baxımından müstəsna rol oynayacağını vurğulayıb. Nazir “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qərar qəbul edildiyini bildirib. Həmçinin Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planının, ölkəmizin “Web of Science®” bazasında cari durumuna dair şirkət tərəfindən ildə iki dəfə əhatəli hesabatın hazırlanmasını təklif edib.


Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanda əldə olunan elmi nəticələrin dünyada tanıdılmasının vacibliyindən danışıblar.

 

Tədbirdə “Clarivate Analytics” şirkətinin rəsmi nümayəndəsi Oleq Utkinin “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimatı keçirilib.Sonra Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini, “Web of Science®” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən InCites platformasına çıxışın təmin olunmasını nəzərdə tutur.

 

Daha sonra “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib. Son illərdə  alimlərin publikasiya aktivliyində  mütərəqqi tərəqqi nümayiş etdirdiklərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,  Azərbaycan  Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, publikasiya sayında ən yüksək nəticə göstərdiyinə görə Bakı Dövlət Universiteti, eləcə də regonal ali təhsil müəssisəsi kimi Gəncə Dövlət Universiteti “Web of Science Azerbaijan-2018”  mükafatlarına layiq görülüblər.   Mükafatlar eyni zamanda  imfakt faktorlu jurnallarda yüksək publikasiya aktivliyi nümayiş etdirmiş elmi tədqiqat institutlarının əməkdaşları və “Web of Science" elmi bazasında təmsil olunan jurnalların redaksiya heyətlərinə də təqdim olunub.  

 

Oruc MUSTAFAYEV