Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin başlanmasına həsr olunmuş tədbir keçirilib.

 

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatında təşkil olunan tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbirdən öncə Heydər Əliyevin xatirəsinə həsr edilmiş fotosərgiyə baxış keçirilib.

 

Daha sonra YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Heydər Əliyevin heykəlinin önünə gül dəstələri qoyulub.

 

Tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının  sədr müavini, 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova qonaqları salamlayaraq, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri barədə danışıb.

 

Daha sonra YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun “Ulu öndər Heydər Əliyevin Azərbaycanda II dəfə siyasi hakimiyyətə qayıdışı” mövzusunda məruzəsi dinlənilib. R.Göyüşov Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib.

 

Çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov müasir Azərbaycanın memarı Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. H.Əsgərov dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

 

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.