Universitetin 3 komandası ilk üç yerin qalibi olub


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə III simulyasiya yarışı keçirilib.

 

"İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə keçirilən "Gənc investor 2018" III simulyasiya yarışında UNEC-in tələbələrindən ibarət komandalar da iştirak edib. Simulyasiya yarışı komandalar arasında master-klass təliminin keçirilməsi və birja simulyatoru ilə əməliyyatların aparılması mərhələsindən ibarət olub. Yarışda 19 komanda maliyyə bazarındakı prosesləri modelləşdirib, qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artırıblar.

 

Müsabiqənin sonunda UNEC-in “Inside Wall Street", “Finans scope” və “Big for” komandaları virtual gəlir məbləğinə görə daha çox mənfəət əldə edərək ilk üç yerin qalibi seçiliblər.

 

Simulyasiya yarışının məqsədi fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, tələbələrin biznes sahəsində kommunikativ bacarıqlarını inkişaf etdirmək, investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə aşılamaq olub.

 

Yarışın qalibləri Bakı Fond Birjasında təcrübə proqramı keçmək hüququ qazanıb. Qalib komandalara kubok və hədiyyələr təqdim olunub.