Bu il institutda 1 elmi istiqamət, 5 mövzuda 18 tədqiqat işi aparılıb


Dekabrın 10-da AMEA Qafqazşünaslıq İnstitutu Elmi Şurasının iclası keçirilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı qurumun 2018-ci ildə elmi tədqiqat və elmi təşkilati fəaliyyətinə dair hesabatı təqdim edib. Bildirilib ki, institutda cari ildə 1 elmi istiqamət, 5 mövzuya dair 18 tədqiqat işi aparılıb. 2017-ci il ilə müqayisədə bu il institutun elmi fəaliyyəti genişliyi və məhsuldarlığı ilə seçilib. Belə ki, əgər ötən ildə institut əməkdaşlarının 2 kitabı nəşr edilmişdisə, 2018-ci ildə onların sayı 5 olub. Ötən ildə dərc edilən məqalələrin sayı 66 idisə, bu il 104, o cümlədən ölkədə işıq üzü görən məqalələr 42 idisə, 64, xaricdə dərc edilən məqalələrin sayı  24 idisə, 40 olub.

 

Əməkdaşların məqalələri əgər 2017-ci ildə 9 xarici ölkədə dərc olunmuşdursa 2018-ci ildə bu coğrafiya genişlənərək 11 ölkəni əhatə edib. 2017-ci ildə impakt faktorlu jurnallarda 1 məqalə dərc edilmişdisə, hesabat ilində onların sayı 2 olub.

 

İnsitut alimlərinin əsərləri xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edib. AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının əsərlərinə Böyük Britaniya alimləri 3, Fransa alimləri 1, Türkiyə alimləri 4 dəfə istinad ediblər.

 

Hesabat ilində institutun əməkdaşları Azərbaycan qafqazşünaslıq elmini xaricdə layiqincə təmsil ediblər. Belə ki, əgər 2017-ci ildə beynəlxalq və respublika elmi konfranslarında edilən məruzələrin sayı 47, o cümlədən xaricdə 16 idisə 2018-ci ildə bu rəqəm 75, o cümlədən xaricdə 23 olub.

 

2018-ci ildə İnstitutda Azərbaycan, Rusiya, Türkiyə, İran, Qazaxıstan, Çex Respublikası, Niderland Krallığı, Estoniya, Ukrayna və Gürcüstandan 201 alim və tədqiqatçının iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Qafqaz ölkələrinin geosiyasi şəraiti, regionda baş verən siyasi, sosial-iqtisadi və b. proseslər, Qafqazda  münaqişələr və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsinə və b. problemlərə həsr olunmuş 179 məruzə 20 bölmə iclasında müzakirə edilib.

 

İnstitut “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı da keçirib.

 

İnstitutun 3 dildə nəşr ediləcək “Qafqazşünaslıq” adlı elmi jurnalı beynəlxalq indeks alıb. Bu, ölkədə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq indeksli jurnaldır.