Tələbələr 67-ci dəfə elmi məclislərinə yığışıblar


Dekabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, akademik Azad Mirzəcanzadənin 90 illiyinə həsr olunmuş Tələbələrin 67-ci elmi-texniki konfransı öz işinə başlayıb.

 

Tədbiri ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov açaraq  konfransının tələbələr üçün əhəmiyyətini qeyd edib. Gənclərin elmi potensialının üzə çıxarılması üçün bu cür konfranslarda iştirakın vacibliyini vurğulayan Qasım Məmmədov tələbələrin asudə vaxtlarını elmi araşdırmalara sərf etməsini yüksək qiymətləndirib.

 

ADNSU-nun “Neft-qaz mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Tulparxan Salavatov akdemik Azad Mirzəcanzadənin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb, ADNSU-nun elmi sahənin inkişafında görkəmli alimin oynadığı rolu xüsusi vurğulayıb.

 

ADNSU-nun “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Elmira Ramazanova akademik Azad Mirzəcanzadə haqqında xatirələrini bölüşüb. Elmi-Tədqiqat İnstitutunun əsasının Azad Mirzəcanzadə tərəfindən qoyulduğunu bildirən professor  onun sayəsində institutun dünyanın bir çox elm mərkəzləri ilə yaxın əlaqələr qurduğunu və o münasibətlərin bu gün də davam etdiyini diqqətə çatdırıb.

 

ADNSU-nun “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Eldar Süleymanov görkəmli alim, akademik Azad Mirzəcanzadənin həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.

 

Konfransda çıxış edən Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri Yunis Qəhrəmanlı konfransın ayrı-ayrı bölmələrində keçiriləcək iclaslar və çıxışlar haqqında məlumat verib. Ümumilikdə 9 bölmədə 292 nəfərin çıxışının gözlənildiyini bildirən  Y.Qəhrəmanlı  iştirakçılara uğurlar arzulayıb.

 

Sonra konfrans  öz işini müxtəlif bölmələrdə davam etdirib.

 

Qeyd edək ki, Tələbələrin 67-ci elmi-texniki konfransının bağlanış mərasimi dekabrın 14-də baş tutacaq.