ADPU-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib


Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyub.  Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub. Sonra universitetin 2 nömrəli tədris binasındakı Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Anım mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının məsul şəxsləri də iştirak ediblər. Tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirova çıxış edərək  bildirib ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin adı zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, qüdrətli şəxsiyyətlərinin sırasında yer alıb. Heydər Əliyev həyatı mübarizə və qələbələrdən keçən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan dahi şəxsiyyətdir.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin vəfatından 15 il keçir. Qədirbilən xalqımız hər il ulu öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Heydər Əliyev Azərbaycanı çətinlik girdabından xilas etmiş, müstəqil dövlətimizi qurmuş, gücləndirmiş, inkişaf perspektivlərini müəyyən etmiş və beynəlxalq miqyasda layiqincə tanıtmışdır. Bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən  Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar qazanır.

 

Heydər Əliyev elm və təhsil sahəsində köklü və əsaslı dəyişikliklərin həyata keçirilməsini təmin etmiş, istedadlı azərbaycanlı gənclərin keçmiş Sovetlər Birliyinin tanınmış və nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün səmərəli və məqsədyönlü fəaliyyət göstərmişdir. Bu siyasəti müasir dövrümüzdə dövlət başçısı cənab İlham Əliyev uğurla davam etdirir.

 

Tədbirdə Tarix və coğrafiya fakültəsinin “Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov “Heydər Əliyevin siyasi portretinin cizgiləri” mövzusunda məruzə  edib.

 

Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova, YAP-ın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP-ın təsis konfransının iştirakçısı və Naxçıvanda YAP-ın Qadınlar Şurasının sədri olmuş Südabə Qəhrəmanova çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük tarixi xidmətlərlə bağlı öz fikirlərini bölüşüblər.

 

Mərasimdə Tarix və coğrafiya fakültəsinin tələbə-gənclərinin Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırladıqları bədii-musiqili kompozisiya təqdim edilib, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin tələbələrinin hazırladıqları dahi öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, xor kollektivinin ifasında “Ulu öndər” mahnısı səsləndirilib.