Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibəti ilə  “Xalqına həsr olunmuş ömür” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

 

Universitetin rektoru, professor Elxan Hüseynov tədbiri açaraq dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən  və Vətənimiz qarşısında tarixi xidmətlərindən bəhs edib.

 

Konfransda “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının müdiri, professor Şirxan Səlimov “Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti”, “Azərbaycan və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, professor Avtandil Məmmədov “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Biznesin təşkili və menecment” kafedrasının müdiri, dosent Qalib Hüseynov “Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ulu öndər Heydər Əliyevin uğurlu siyasətidir”, Filologiya fakültəsinin II kurs tələbəsi Nəzrin Adıgözəlzadə “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir” mövzularında məruzə  ediblər.  Natiqlər ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

 

Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş olunub.

                                                                         

Şakir CƏFƏROV