Nurlana Əliyeva: ”Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub”


Dekabrın 12-də Bakı Slavyan Universitetində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Universitet rəhbərliyinin, pedaqoji heyətin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edib. O, Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.  Bildirib ki, ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən elmin, təhsilin inkişafına böyük diqqət yetirirdi. N.Əliyeva ümummilli liderin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqın məhəbbətini qazanan öndər kimi qaldığını diqqətə çatdırıb. O deyib: “Ulu öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanıb. Hər bir azərbaycanlı bunu yüksək qiymətləndirməli, onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. O, Azərbaycanla fəxr edirdi. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı, şəxsiyyət tapmaq mümkün deyil. Bu mənada Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvən yerimizdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub”.

 

Rektor ulu öndərin Azərbaycan dilinin təbliği və inkişafı istiqamətindəki xidmətlərindən də danışıb. N.Əliyeva bu gün Azərbaycan dilinin hərtərəfli inkişafının, dövlət dilinə çevrilməsinin, diplomatiya aləminə yol açmasının, dünyanın ən mötəbər tribunalarından eşidilməsinin ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlı olduğunu vurğulayıb.

 

Bu gün ulu öndərin məqsədyönlü siyasətini Prezident İlham Əliyevin layiqincə davam etdirdiyini, müstəqil Azərbaycanın daha da güclənməsi istiqamətində mühüm işlər gördüyünü deyən N.Əliyeva  dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın bütün sahələrdə mühüm nailiyyətlər qazandığını diqqətə çatdırıb. N.Əliyeva dahi şəxsiyyətin, nəhəng dövlət xadiminin bünövrəsini qoyduğu xarici siyasətin uğurla davam etdirilməsində ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  mühüm rolu olduğunu, onun Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya çatdırılmasında və təbliğində böyük işlər gördüyünü diqqətə çatdırıb.

 

Tədbirin davamında YAP Gənclər Birliyinin (GB) BSU üzrə sədri Şirin Hüseynzadə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edib. Ş.Hüseynzadə çıxışında bu gün dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verildiyini qeyd edib.

 

Heydər Əliyevin həyat yoluna həsr olunmuş “Lider” filminin nümayişi olub.

 

Tədbirdən sonra BSU-nun professor-müəllim heyəti və tələbələrindən ibarət kontingent Fəxri Xiyabana gedərək ulu öndər Heydər Əliyevin  məzarı önünə gül dəstələri qoyublar.