Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans keçirilib.

 

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev,tədris işləri üzrə prorektoru Eldar Aslanov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.

 

Təlim-konfransdan əvvəl akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olmuş tələbələrlə görüş keçirilib və dərs prosesi izlənilib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev konfransı açaraq belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

 

Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov ADPU-da həyata keçirilən yeniliklər barədə məlumat verərək qeyd edib ki, son illər yüksək bal toplayan tələbələrin müəllimlik ixtisasına marağı daha da artıb. 

 

Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov isə “Media və təhsil dialoqu” mövzusunda təlim-konfransın artıq altıncı dəfə keçirildiyini diqqətə çatdırıb. Sektor müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi,  ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.

 

Daha sonra Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri”, Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətovun “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzularında təqdimatları olub.

 

Tədbir təqdimatlar ətrafında müzakirələrlə davam edib.

 

Tədbirdə həmçinin yeni məzmun, forma və tərtibatda çap olunan “Azərbaycan məktəbi” jurnalı konfrans iştirakçılarına təqdim edilib. Bildirilib ki, 1924-cü ildən nəşr olunan jurnal beynəlxalq standartlara cavab verən elmi məqalələrin dərcinə nail olmağı qarşısına məqsəd qoyub.