Mehdi Mehtiyev: “Ümumtəhsil məktəblərində vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi üçün geniş imkanlar var”


Mehdi  Mehtiyev 1973-cü ildə İmişli rayonunda anadan olub. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib. Qarabağ müharibəsində iştirak edib. Xidmətdə fərqləndiyinə görə fəxri fərman alıb, hərbi  hissənin döş nişanına, “Vətən naminə” medalına layiq görülüb. Ehtiyatda olan zabitdir. 2003-cü ildən İmişli rayon Qızılkənd kənd tam orta məktəbində gənclərin çağırışaqədərki  hazırlığı rəhbəri vəzifəsində çalışır.

 

- Mehdi müəllim, gənc nəslin vətənpərvərlik tərbiyəsi barədə nə deyə bilərsiniz?

 

- Bu gün böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsi dövrümüzün aktual vəzifələrindən biridir. Belə ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinin istiqamətlərindən birini məktəbəqədər və ümumi təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Ümumtəhsil məktəblərində vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi üçün geniş imkanlar var. Məktəblərdə tədris olunan ədəbiyyat, tarix və gənclərin çağırışaqədərki hazırlıq fənləri şagirdləri müvafiq biliklərlə təmin etməklə yanaşı, onlarda milli-mənlik şüurunun formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə böyük təsir göstərir.

 

- Sizcə, təhsil ocaqlarında vətənpərvərlik tərbiyəsinə nə vaxtdan  başlamaq lazımdır?

 

- Onu deyim ki, uşaqlarda vətənpərvərlik hissinin aşılanmasına məktəbəqədər təhsil müəssisələrindən başlamaq lazımdır. Bu müəssisələrdə uşaqlara ailəsinə və evinə, ölkəsinin tarixinə və mədəniyyətinə, vətəninin təbiətinə sevgi hissi aşılanmalıdır. Bir də nəzərə almaq lazımdır ki, hər bir uşaq hisslərinin, duyğularının köməyi ilə ətrafdakı həqiqətləri qəbul edir. Ona görə də gənc nəslin vətənpərvərlik tərbiyəsinə kəndini, şəhərini, ölkəsini sevmək hissi ilə başlanılmalıdır. Yalnız bundan sonra onlarda ölkəsinə, vətəninə sevgi hissi yaranır. Bunlar bir neçə dərsin nəticəsində yaranmır. Bir qayda olaraq, bunlar uşaqlarda sistematik, çox uzun müddətli və məqsədyönlü təsirin nəticəsində yaranır. Bu hiss uşaqlara mütəmadi olaraq evdə, dərslərdə, tədbirlərdə və hətta oyunlarda belə aşılanmalıdır. 

 

- Vətənpərvərlik ruhunu şagirdlərdə necə formalaşdırmaq lazımdır?

 

- Vətənpərvərlik haqqında danışanda şagirdlərə  vətəninə, xalqına məhəbbət, sevgi aşılamaq, şəxsi xoşbəxtliyini və səadətini onun xeyrinə qurban verməyə hazır olmaq kimi öyrətmək lazımdır. Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət bəsləmək, hər an vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyətləri hesab olunur. “Vətənpərvərlik” deməklə, heç vaxt vətənpərvər olmaq mümkün deyil. Vətənpərvər olmaq o demək deyildir ki, tək əlinə silah alıb gedib döyüşməlisən. Bunun üçün hər bir azərbaycanlı işindən, oxumağından, hər hansı ölkədə yaşamasından asılı olmayaraq, öz əməlləri, işi və oxumağı ilə vətənə olan sevgi və məhəbbətini sübut etməlidir. Bunun da əsası məhz təhsil müəssisələrindən və ailədən başlayır.

 

- Hazırda muzeylərin və mədəniyyət abidələrinin  vətənpərvərlik  tərbiyəsində  rolu nədən ibarətdir?

 

- Bütün bunlar gənclərdə öz xalqının tarixi-mədəni dəyərlərini öyrənməkdə böyük bir təsirə malikdir. Həm də gənclərdə milli-mənlik şüurunun formalaşması və onların vətənpərvər ruhda böyüməsi ölkəmizin prioritet istiqamətlərindəndir. Təhsildə, idmanda, iqtisadiyyatda, mədəniyyət və digər sahələrdə gənclərin uğur qazanması, qloballaşan dünyanın hazırkı tələblərinə cavab verən gəncliyin yetişdirilməsi ölkəmizin dünyada tanıdılması yolunda atılan mühüm addımlardandır.

 

- “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası barədə  fikriniz necədir?

 

- Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası elə  vətənpərvərlik tərbiyəsinin bariz nümunəsidir. Çünki müxtəlif mədəni və maarifləndirici tədbirlərin, Qarabağ, o cümlədən Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızla bağlı anım tədbirlərinin keçirilməsi şagirdlərdə vətənpərvərlik hissinin tərbiyəsində müstəsna rola malikdir

 

- Çalışdığınız məktəbdə gənclərin çağırışaqədərki hazırlığı dərslərində şagirdlərin vətənpərvər ruhda böyümələri üçün hansı imkanlardan istifadə edirsiniz?

 

- Şagirdlərə işğal olunmuş torpaqlarımız, sərhədlərimiz, şəhidlərimiz haqqında geniş məlumatlar verirəm.  Şagirdlərin müharibə veteranları ilə görüşlərini təşkil edirəm. Şagirdləri rayonumuzda yerləşən hərbi hissələrə, muzeylərə, Bayraq meydanına aparıram, onlara tariximiz, müstəqilliyimiz haqqında  danışıram.

 

- Məktəblərarası hərbi-idman oyunlarının keçirilməsi də şagirdlərdə vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyət daşıyır. Bu haqda nə deyə bilərsiniz?

 

- “Cəsurlar”, “Şahinlər”, “Sərhədçi” kimi oyunların keçirilməsində də məqsəd şagirdlərdə cəsarətliliyi, cəldliyi, qələbə çalmaq uğrunda mübarizə aparmağın təmin olunmasını öyrətməkdir. Məktəbimizin “Turan” komandası bütün rəqiblərini üstələyərək finala vəsiqə qazanmış və dəfələrlə respublika çempionu olaraq kuboku İmişliyə gətirmişdir. Bu da onların gələcəkdə hərb işinə olan marağını artırır, hərbi məktəblərə olan meyillərini yüksəldir.

 

2017-2018-ci dərs ilində Qızılkənd  kənd tam orta məktəbin 4 nəfər məzunu respublikanın ali hərbi məktəbinə qəbul olub. Onlarla şagirdlərimiz isə hərbi xidməti bitirdikdən sonra könüllü olaraq müddətdən artıq hərbi xidmətdə qulluq edirlər.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi