AMEA-nın təşkilatçılığı ilə informasiya təhlükəsizliyinə həsr olunmuş IV respublika konfransı keçirilib


Dekabrın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirilib. Konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.

 

İnstitutdan bildiriblər ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə  açılış nitqində qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söyləyib.

 

“İnformasiya cəmiyyətinin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsindən birbaşa asılıdır”, – deyən AMEA prezidenti qeyd edib ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrildiyini vurğulayan alim bildirib ki, bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizim, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirildiyini söyləyən A.Əlizadə respublikamızın  informasiya cəmiyyəti, onun mühüm istiqamətləri olan genişzolaqlı İnternet, eləcə də elektron dövlətin inkişaf tempinə görə dünyada layiqli mövqelərdən birini tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu inkişaf prosesləri ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının da aktuallığını artırır.

 

“Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir”, – deyən A.Əlizadə bu məqsədlə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbul edildiyini, Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiyanın layihəsinin işlənib hazırlandığını və digər işlərin həyata keçirildiyini söyləyib.

 

Alim qeyd etdi ki, bununla yanaşı, xarici ölkələrdən texnoloji asılılığın aradan qaldırılması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi, İKT sənayesinin, o cümlədən proqram mühəndisliyi sənayesinin formalaşdırılması, informasiya təhlükəsizliyi üzrə gənc kadrların yetişdirilməsi vacib məsələlərdəndir.

 

Konfransın açılış mərasimində, həmçinin  Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov,  Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru İqbal Babayev,  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Məmmədov,  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və digərləri çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söyləyiblər.

 

Daha sonra konfrans işini plenar iclasla davam etdirib. İclasda akademik Rasim Əliquliyev “İnformasiya  təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponenti kimi” mövzusunda məruzə  edərək informasiya təhlükəsizliyinin təmini məsələlərinin hər bir dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biri kimi strateji əhəmiyyət kəsb etdiyini bildirib.

 

Alim informasiya və kommunikasiya sistemlərinə təhdidlər, elektron resursların qorunması və rəqəmsal irsin  formalaşdırılması, İnternet   mühitində   uşaqların  mühafizəsi ilə bağlı mövcud problemlərdən söz açıb.

 

Sonra İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun “AzScienceNet elm kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi məsələləri”, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin “Elektron dövlətdə milli təhlükəsizliyə bəzi təhdidlərin aşkarlanması metodları haqqında” m.ruzələri dinlənilib

 

Konfrans öz işini “İnformasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri”, “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” və “İnformasiya təhlükəsizliyinin praktiki problemləri” bölmələri üzrə seksiya iclasları ilə davam etdirib.

 

Yusif ƏLİYEV