Elm ocağında alimin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans da işə başlayıb


Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” IX beynəlxalq konfrans və “Akademik Cəlal Əliyev qiraətləri” adlı tədbir işinə başlayıb.

 

Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabana gələrək görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

           

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə   görkəmli alimin zəngin elmi fəaliyyətindən, keçdiyi ömür yolundan söz açıb. Qeyd edib ki, akademik ölkədə bioloji müxtəlifliyin mühafizəsi və istifadəsi strategiyasının hazırlanmasında,  xüsusilə Azərbaycanın elm tarixində ilk dəfə kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq proseslərinin nəzəri əsasları kimi fotosintez və fototənəffüs proseslərini əsaslı şəkildə öyrənib, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olub.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, akademik Cəlal Əliyev öz fundamental araşdırmaları ilə AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında işgüzar münasibətlərin formalaşmasına böyük töhfələr verib. Qeyd edib ki, bu əlaqələr artıq ciddi əməkdaşlıq müstəvisinə keçib. Nazir çıxışında sentyabr ayında akademiya ilə nazirlik arasında imzalanan sazişə də toxunub: “Bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həllini nəzərdə tutur. İmzalanan sənəd yüksək peşəkarlığa malik kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradır. Belə  tədbirlərdən biri də akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunmuş hazırkı beynəlxalq konfransdır”.

 

Daha sonra AMEA Biologiya və Tibb Elmləri  Bölməsinin akademik-katibi, akademik  Əhliman Əmiraslanov alimin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, onun elmi fəaliyyəti əsasən ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrin tədqiqinə yönəlib, alimin dərin nəzəri bilikləri və ideyaları nəticəsində yeni buğda sortları yaradılıb.

          

Akademik Ə.Əmiraslanov ömrünün altmış ildən çoxunu Azərbaycan elminin inkişafına həsr etmiş, yüzə yaxın elmi kadr hazırlamış alimin 600-dən çox elmi əsərin müəllifi olduğunu deyib.

          

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru,  akademik  İradə Hüseynova akademik Cəlal Əliyevin həyatı və elmi fəaliyyəti haqqında danışıb.

         

Tədbirdə Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton-Ray “Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzə edib. Professor məruzəsində görkəmli alim Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan bəhs edib.

          

Sonra Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi akademik Cəlal Əliyev adına mükafat Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian-Renə təqdim edilib.

          

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Teymur Bünyadov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev, Milli Məclisin deputatı Eldar İbrahimov və başqaları görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

          

Tədbirdə Əməkdar memar Rasim Əliyev ailə üzvləri adından çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, yığıncağın təşkilinə görə AMEA rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.

           

Sonda akdemik Cəlal Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.