17 gənc musiqiçi laureat adına layiq görülüb


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) keçirilən “Akademik, xalq və caz musiqisi” respublika festivalına yekun vurulub. Tədbirdə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxışı edərək festivalın əhəmiyyətindən  danışıb. “Bu, BMA-nın “Xüsusi pedaqoji hazırlıq” kafedrası və elmi-eksperimental laboratoriyası – məktəb-studiya kollektivinin birgə iştirakı ilə akademiyada ilk dəfə təşkil olunan və keçirilən qeyri-adi festivaldır”,- deyə rektor vurğulayıb.

 

Fərhad Bədəlbəyli festivalın təşkilatçıları, müəllifləri və təşəbbüskarları – məktəb-studiyanın direktoru, professor Tərlan Seyidov və "Xüsusi pedaqoji hazırlıq" kafedrasının müdiri, dosent Elnarə Məmmədovanın əməyini  xüsusilə vurğulayıb. Bildirilib ki, festival musiqi incəsənətinin üç əsas istiqaməti – klassik, xalq və caz musiqisinə həsr olunub. “Festivalın məqsədi musiqi məktəblərinin klassik repertuarına daxil olan proqramlardan əlavə ifaçılıq bacarığının ahəngdar inkişaf yollarını özündə cəmləşdirən kamil və universal musiqiçi yaratmaqdan ibarətdir. Buna görə də biz məqsədyönlü şəkildə festivalın şərtlərinə əlavə olaraq çoxəsrli Azərbaycan xalq musiqisi və XX əsrin əvvəllərində yaranmış nisbətən gənc caz sənəti nümunələrinin ifası üzrə tələblər irəli sürdük. Bir yarış çərçivəsində çox geniş üslub cərəyanlarının əhatə edilməsinə baxmayaraq, bir çox iştirakçılar, xüsusilə mürəkkəb bir vəzifənin öhdəsindən yüksək səviyyədə gəldilər”,- deyə Tərlan Seyidov bildirib.

   

Festivalda Azərbaycanın 13 bölgəsinin musiqi məktəbləri, orta və ali musiqi təhsili müəssisələrindən 130 gənc musiqiçi iştirak edib. Festival dörd nominasiya üzrə keçirilib: "Fortepiano", "Simli alətlər" , "Nəfəs və zərb alətləri", "Vokal".

 

Qeyd edək ki, peşəkar münsiflərin rəyi ilə Bakı, Sumqayıt, Bərdə və Neftçaladan olan 17 gənc musiqiçi laureat adına layiq görülüb.

  

Sifai SƏFƏROVA