LDU-da bu mövzuda Respublika elmi konfransı keçirilib


Lənkəran Dövlət Universitetində “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda gənc tədqiqatçıların (magistrant və doktrant) Respublika elmi konfransı  keçirilib.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov konfrans iştirakçılarını salamlayıb və gənc tədqiqatçılara uğurlar arzulayıb. Ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan söz açan professor gənc tədqiqatçıların elmi işlərə cəlb edilməsinin elmimizin inkişafı üçün  səmərəli  olacağını qeyd edib. O, son illərdə universitetdə gənclərin elmə həvəs göstərdiyini, elmi tədqiqatlar aparmağa maraqlı olduqlarını  müsbət hal kimi dəyərləndirib.

 

LDU-nun rektor müşaviri , professor Mikayıl Məhərrəmov məruzəsində elmin inkişaf doktrinasından söz açıb. Bildirib ki, Lənkəran Dövlət Universitetində  fəaliyyət göstərən 4 fakultə və 13 kafedrada qəbul olunmuş plan üzrə 19 istiqamət, 20 mövzuda   ümumilkdə 82 elmi-tədqiqat işləri aparılıb. Müsbət haldır  ki, tədqiqat mövzularının, demək olar ki, böyük əksəriyyəti  Lənkəran-Astara regionunun  coğrafi  mövqeyinin , zəngin ekoloji xüsusiyyətlərinin , fauna və florasının, torpaq və bitki ehtiyatlarının, ümumiyyətlə, sosial-iqtisadi  və mədəni-siyasi həyatının öyrənilməsinə  həsr olunub.

 

Daha sonra konfrans işini bölmələrdə davam etdirib. Müxtəlif bölmələr üzrə bütövlükdə 120-dən artıq  çıxış  dinlənilib və müzakirə edilib.

 

Konfransın sonunda   iştirakçılara sertifikatlar təqdim edilib.