“Sağlam təhsil” siniflərində təhsil alan şagirdlər ilə uşaq yazıçısı Mehriban Nağıyeva arasında görüş keçirilib.

 

Paytaxtdakı 275 nömrəli tam orta məktəbdə keçirilən görüşün əsas məqsədi uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq, kitaba olan marağı daha da artırmaqdan ibarətdir.

 

Tədbirdə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəbin pedaqoji kollektivi, “Sağlam təhsil” siniflərində təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən məktəbin direktoru Fəridə Şərifova qonaqları salamlayıb. Direktor ümumi təhsil müəssisələrində yazıçılarla şagirdlər arasında görüşlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib.

 

Sonra 3b sinfinin şagirdləri tərəfindən yazıçının “Paxıl toyuq”, “Lovğa tülkü”, “Əsmərin sehrli zənbili” hekayələri əsasında hazırladıqları tamaşalar nümayiş olunub.

 

Tədbirdə çıxış edən Mehriban Nağıyeva görüşün keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Yazıçı uşaqların cəmiyyətə daha fəal inteqrasiyası, onların asudə vaxtının səmərəli təşkili və mütaliəyə maraqlarının artırılması məqsədilə həyata keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

 

Sonda şagirdləri maraqlandıran sualları cavablandıran M.Nağıyeva uşaqlara öz kitablarını hədiyyə edib.