Azərbaycanın 2 ali məktəbi beynəlxalq reytinqdə yer alıb


İndoneziya Universiteti  tərəfindən dünyanın ən ekoloji universitetlərinin  beynəlxalq reytinqi (UI Green Metric Ranking of World Universities 2018)  açıqlanıb.  Sıralamada müxtəlif ölkələrdən 716 universitet yer alıb.   Dünyanın ən yaşıl ali təhsil müəssisələrinin siyahısında  ölkəmizi  Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (453-cü yer) və  Azərbaycan Dövlət İqtisad Universiteti (478-ci yer) təmsil edirlər. 

   

Reytinqin tərtibçiləri qeyd edirlər ki,  tədqiqatın məqsədi akademik ictimaiyyətin diqqətini  ekoloji  problemlərin həllinə yönəltməkdir.  Reytinq tərtib olunarkən universitet kampuslarının  təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri,  kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada  istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi avtomobillər  və  ya velosiped) istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. təhlil olunub.  Beləliklə də dünyanın ekoloji cəhətdən ən təmiz universitetlərinin ilk onluğunda aşağıdakı ali məktəblər yer alıb:  1. Wageningen University & Research ( Hollandiya), 2. University of  Nottingham ( Böyük Britaniya), 3. University of  California, Davis (ABŞ), 4. University of  Oxford (Böyük Britaniya), 5. Nottingham Trent University (Böyük Britaniya), 6. Umwelt-Campus Birkenfeld (Almaniya), 7. University of Groningen(Hollandiya),  8. Bangor University (Böyük Britaniya),9. University College Cork (İrlandiya), 10.http://greenmetric.ui.ac.id/detailranking2018?univ=University%20of%20Connecticut University of Connecticut (ABŞ).
 

Reytinqin direktoru,  professor Riri Fitri Sarinin sözlərinə görə,  dünyanın ən davamlı universitet  kampusları tərəfindən atılan strateji addımlar  məmnunluq doğurur.
 

Reytinqlə daha ətraflı  greenmetric.ui.ac.id/overall-ranking-2018 səhifəsindən tanış olmaq olar.
 

Oruc MUSTAFAYEV