ADNSU-da 10297 bakalavr və 1192 magistrant imtahan verir


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasında 10297 bakalavr və 1192 magistrant imtahanlarda iştirak edəcək. Bu günədək imtahanlarda 6261 nəfər tələbə iştirak edib. Onlardan 547 nəfər qeyri-kafi, 1245 nəfər qənaətbəxş, 1183 nəfər kafi, 924 nəfər yaxşı, 788 nəfər çox yaxşı, 1418 nəfər əla qiymətlər alıb. 113 nəfər tələbə isə imtahanlarda iştirak etməyib.

 

ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imthan prosesinə nəzarət olunur.

 

Qeyd edək ki, imtahanlar 2 növbədə və 3 formada (yazılı, yazılı-şifahi və test) keçirilir. İmtahan cavabları kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr 24 saat ərzində elektron universitetdə (Unibook) yerləşdirilir. ADNSU-da payız semestrinin imtahan sessiyası qiyabi şöbədə dekabrın 20-dən, əyani şöbədə isə yanvarın 3-dən başlayıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fəndən kəsir imtahanı üzrə) fevralın 3-dən 14-nə kimi 25% ödənişlə təkrara imtahan verə bilər.