Bir həftə ərzində İmtahan Qərargahına 81 tələbə müraciət edib


Yanvarın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilinin payız  semestrinin imtahan sessiyasının monitorinqi keçirilib. Monitorinqdə universitetdə  yeni tərkibdə fəaliyyətə başlayan İctimai Şuranın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev, üzvləri: təhsil ekspertləri Kamran Əsədov, Nadir İsrafilov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin İctimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı, “Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, “Moderator.az”  saytının baş redaktoru Zülfüqar Hüseynzadə, “Məktəbgüşəsi.az”  saytının baş redaktoru Məzahir Məmmədli, “Region plus” jurnalının  baş redaktoru Namiq Mayılov, “Konstitusiya” Araşdırmalar Fondunun nümayəndəsi Şahin Nəsrullayev, universitetin Ağsaqqallar Şurasının sədri, professor Malik Cəbrayılov, həmkarlar ittifaqı komitəsinin sədri, dosent Vaqif Əliyev, “Müasir Azərbaycan dili” kafedrasının müdiri vəzifəsini icra edən, professor Buludxan Xəlilov və media nümayəndələri iştirak ediblər.  

 

Monitorinq iştirakçıları imtahan keçirilən zal və auditoriyalarda olaraq imtahan prosesini, həmçinin imtahan yazı işlərinin kodlaşdırıldığı otaqlarda olaraq imtahan yazı işlərinin yoxlanılmasını, Apelyasiya  Komissiyasının və İmtahan Qərargahının fəaliyyətini müşahidə ediblər. Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov monitorinq iştirakçılarına imtahan sessiyasının təşkili və gedişi, imtahan qaydaları, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, yanvarın 4-dən  11-dək 84 fəndən keçirilən imtahanlarda  təxminən 15895  tələbə iştirak edib. Bu müddətdə 81 tələbə İmtahan Qərargahına müraciət edib. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb.

 

Apelyasiya Komissiyasına isə yazılı qaydada verilən imtahanlarla bağlı 422 müraciət daxil olub. Onlardan  216-sı araşdırılıb. 63 müraciət tələbələrin xeyrinə həll edilib. ADPU-nun  filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris  Departamentinə və rektorluğa məlumat verirlər.

 

Monitorinq iştirakçıları ilə söhbət zamanı tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər.

 

Sonra tədbir Heydər Əliyev məktəbinin lektoriyasında davam edib. Monitorinq iştirakçıları çıxış edərək bütövlükdə ADPU-da aparılan islahatları, yenilikləri təqdir etdiklərini, eləcə də imtahan sessiyasının qanun çərçivəsində, şəffaf və ədalətli keçirildiyini vurğulayıb, universitetin rəhbərliyinə və tələbə-gənclərə uğurlar arzulayıblar.