Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

 

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Quba-Xaçmaz zonası üzrə Quba rayonu 2 nömrəli tam orta məktəbdə, Lənkaran-Astara zonası üzrə Lənkaran rayonu 2 nömrəli tam orta məktəbdə keçirilən təlimlərə ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 60 nəfərdən artıq müəllim cəlb olunub.  

 

Təlimlər zamanı bildirilib ki, festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Həmçinin festivala daxil olan “Ekoloji yönümlü və enerji effektli məktəb” və “Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri” haqqında iştirakçılara ətraflı məlumat verilib.  

 

Ümumilikdə 7 zona üzrə keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi festivalda iştirak edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin iştirakçılarını bu tədbir haqqında maarifləndirməkdir.

 

Növbəti təlimlər yanvar ayının sonlarında Şəki-Zaqatala zonasını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllimləri üçün keçiriləcək.

 

Festivalda respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.